Hər gün banan yesək, bədəndə nə baş verər?
Meyvələr sağlam qidalanmanın ən vacib hissələrindən biridir. Lakin bəzi meyvələr – xüsusilə banan və giləmeyvələr faydalı xüsusiyyətlərinə görə digərlərindən daha çox seçilir.
Demokrat.az-ın “Prevention” nəşrinə istinadən məlumatına görə, dietoloq Samanta Peterson müxtəlif meyvələrin fərqli vitaminlər, liflər və bitki mənşəli birləşmələr ehtiva etdiyini, bunların isə orqanizmə müxtəlif yollarla fayda verdiyini bildirib.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatına əsasən, bir orta ölçülü yetişmiş bananın tərkibində:
105 kalori
1 qram zülal
0 qram yağ
27 qram karbohidrat
3 qram lif
14 qram şəkər var.
Moruq kimi giləmeyvələrin qida dəyəri isə belə göstərilir:
64 kalori
2 qram zülal
1 qram yağ
15 qram karbohidrat
8 qram lif
5 qram şəkər.
Ekspertin sözlərinə görə, banan həm əlçatan, həm də praktik meyvələrdən biridir. O qeyd edib ki, bananın əsas üstünlüklərindən biri orqanizm üçün sürətli enerji mənbəyi olan karbohidratlarla zəngin olmasıdır.
Dietoloq vurğulayıb ki, buna görə banan xüsusilə məşqdən əvvəl və sonra, gərgin iş günlərində və ya sürətli qəlyanaltı kimi faydalıdır.
Bundan əlavə, bananda kalium və maqnezium kimi mühüm minerallar da mövcuddur. Dietoloq Juliana Vocca bildirib ki, kalium arterial təzyiqin normada saxlanmasına kömək edir, maqnezium isə əzələ və sinir sisteminin sağlam fəaliyyəti üçün vacibdir.
Araşdırmalara görə, daha çox kalium qəbul etmək qan təzyiqinin aşağı salınmasına müsbət təsir göstərə bilər. Mütəxəssislər qeyd edir ki, gündəlik banan istehlakı orqanizmin kalium ehtiyacının təxminən 10 faizini qarşılayır.
Dietoloqlar hesab edir ki, əksər insanlar üçün bananı rasiondan çıxarmağa ehtiyac yoxdur. Bununla belə, təkcə bananın uzunmüddətli toxluq hissi yaratmadığı vurğulanır. Mütəxəssislər onu yunan yoqurtu, qoz-fındıq, fıstıq yağı və ya pendirlə birlikdə qəbul etməyi tövsiyə edirlər.
Giləmeyvələrə gəlincə, ekspertlər onların antioksidantlar, lif və polifenollar baxımından olduqca zəngin olduğunu bildirirlər. Bu maddələrin ürək və beyin sağlamlığını dəstəklədiyi, həmçinin orqanizmdə iltihabi prosesləri azaltdığı qeyd olunur.
Araşdırmalar göstərir ki, giləmeyvələrdə olan antosianinlər yaşla bağlı xəstəlik riskini azalda, metabolik sağlamlığı yaxşılaşdıra bilər.
Mütəxəssislərin sözlərinə görə, giləmeyvələr şəkər qəbulunu azaltmaq istəyən insanlar üçün də yaxşı alternativdir. Bununla belə, həddindən artıq istifadə zamanı yüksək lif və fruktoza səbəbindən köp, şişkinlik və mədə spazmları yarana bilər.
Dietoloqların fikrincə, həm banan, həm də giləmeyvələr arıqlamaq istəyənlər üçün faydalıdır. Lakin giləmeyvələr aşağı kalorili və daha çox lifli olduğu üçün bu baxımdan müəyyən üstünlüyə malikdir.
Jalə
Demokrat.az