Bakıda keçirilən BMT-nin XIII Ümumdünya Şəhərsalma Forumu — World Urban Forum 13 (WUF13) çərçivəsində sosial reinteqrasiya və ikinci şans mövzularına həsr olunan xüsusi sərgi təşkil edilib.
QHT Agentliyinin pavilyonunda baş tutan “Şəhər və ikinci şans: Görünməyənlərin səsi” adlı sərgi “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən həyata keçirilib.
Sərgidə məhkum qadınların şəhər və insan hekayələrindən ilhamlanaraq hazırladıqları müxtəlif əl işləri nümayiş etdirilib.
Ekspozisiyada ağac və taxta üzərində oyma sənət nümunələri, gildən hazırlanmış fiqurlar, Naxçıvan duzundan hazırlanan əl işləri, keçə sənəti üzərində şəhərsalma motivləri, ipək elementlərlə işlənmiş keçə nümunələri, eləcə də saxsı qablar üzərində şəhər kompozisiyaları yer alıb.
Tədbirdə beynəlxalq qonaq qismində Pakistan Xalq Partiyası Mərkəzi Komitəsinin siyasi müşaviri, iqtisadçı Rao Babar Jamil iştirak edib. O, sərgi ilə tanış olaraq ikinci şans və sosial reinteqrasiya mövzusunun beynəlxalq əhəmiyyətini vurğulayıb.
Sərgi çərçivəsində hazırda yeniyetmə məhkumlar üçün həyata keçirilən ebru sənəti layihəsi də beynəlxalq qonaqlara təqdim olunub. İctimai birliyin mütəxəssisləri ebru sənətinin sosial reabilitasiya və psixoloji inkişaf baxımından müsbət təsirləri barədə məlumat veriblər.
Daha sonra iştirakçılar üçün ebru sənəti üzrə master-klass təşkil olunub. Xarici qonaqlar və tədbir iştirakçıları ebru sənətinin incəlikləri ilə yaxından tanış olaraq praktiki şəkildə bu prosesdə iştirak ediblər.
Tədbir çərçivəsində təşkil olunan panel müzakirəsi ingilis dilində aparılıb. Panelin moderatoru ictimai birliyin gənc könüllüsü və ən aktiv üzvlərindən biri olan Nicat İskəndərov olub. Panel iştirakçıları sosial reinteqrasiya, ikinci şans və həssas qrupların cəmiyyətə inteqrasiyası mövzularında fikir mübadiləsi aparıblar.
Tədbirə xüsusi rəng qatan “East or West” musiqi qrupu milli musiqi alətlərinin müşayiəti ilə müxtəlif xarici musiqi və mahnılar ifa edib. Şərq və qərb musiqisinin harmoniyasını özündə birləşdirən çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova bildirib ki, layihənin əsas məqsədi cəmiyyətin görünməyən insanlarının səsini beynəlxalq platformada çatdırmaq, ikinci şans anlayışını təşviq etmək və incəsənətin insan həyatındakı dəyişdirici rolunu nümayiş etdirməkdir.
Onun sözlərinə görə, sərgidə nümayiş olunan hər bir əl işi sadəcə sənət nümunəsi deyil, eyni zamanda insan taleyi, dəyişmək arzusu və yenidən cəmiyyətə inteqrasiya mesajıdır.
Tədbir iştirakçıları sərgini maraqla qarşılayaraq layihənin sosial əhəmiyyətini yüksək qiymətləndiriblər.