ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlınin 80 illik yubileyi qeyd olunub.
Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və elm xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə yubilyarın həyat yolu və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib. Gecə ərzində Xalq şairinin şeirləri səsləndirilib, sözlərinə yazılmış musiqi nömrələri təqdim olunub.
“Cebheinfo.az”-a açıqlamasında Sabir Rüstəmxanlı bu möhtəşəm yubiley gecəsində onu ən çox təsirləndirən anla bağlı sualı cavablandırıb.
Xalq şairi bildirib ki, bu tədbir 80 illik ömrünün mənzərəsini əks etdirən bir görüş idi:
"Sevdiyim insanlar toplaşmışdılar. Ürəklə həm rəsmi, həm ədəbi dairələrdən, həm də qanunvericilik orqanının nümayəndələri, millət vəkilləri, yazıçı dostlarım, qələm dostlarım, jurnalistlər – ümumiyyətlə, kimin ürəyi istəyirdisə, gəlmişdi. Gözəl bir toplantı oldu.
80 illik bir ömrü bir məclisə sığışdırıb ona yekun vurmaq mümkün deyil. Amma hər halda çıxışlar onu əhatə etdi, o qiyməti verdilər. Sağ olsunlar.
Böyük bir kitab sərgisi də açılmışdı. Mənə dedilər ki, nə deyə bilərsiniz?
Dedim ki, 80 il arxada qalıb, amma bu kitablar arxada qalmayıb, bu kitablar buradadır. Yəni bu 80 ilin bəhrələri həmin kitab sərgisində öz əksini tapmışdı. Vəssalam, 80 illik ömrümün yekunu idi. Başqa nə deyim?"
O, sonda hər kəsə təşəkkürünü bildirərək ən çox təsirləndirən anın nəvələrinin çıxışları olduğunu deyib.
"Hər kəsə təşəkkür edirəm. Ən çox təsirləndiyim an şübhəsiz ki, nəvələrimin çıxışları oldu. Biz gedirik, onlar gəlirlər, ona görə də onlar davamçıdırlar. Bütün çıxışlar gözəl idi, şübhəsiz, amma elə bil çıxış edənləri də nəvələrimin çıxışlarına daha səmimi yanaşdılar".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər:
Sabir Rüstəmxanlı 80 illik yubiley
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.