AZ

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi Müstəqillik Gününü qeyd edib

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 26-da  ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə Sarayevonun tarixi memarlıq abidələrindən biri olan “Bosniya və Herseqovina Hərbçilər Evi”ndə rəsmi qəbul və konsert proqramı təşkil edib.

525.az xəbər verir ki, bayram tədbirində Bosniya və Herseqovinanın Baş nazirinin birinci müavini, müdafiə naziri Zukan Helez, ölkədə yerləşdirilən beynəlxalq təhlükəsizlik qüvvəsi – EUFOR-un komandanlığı, Bosniya və Herseqovinada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının və parlamentin təmsilçiləri, ictimai, mədəni və işgüzar dairələrin nümayəndələri, Sarayevoda yerləşən aparıcı tədqiqat mərkəzlərinin rəhbərləri, media nümayəndələri, soydaşlarımız və Bosniya və Herseqovina ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxış edərək 108 il əvvəl – 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Cümhuriyyətinin yaradılmasından, onun qısa müddətdə demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin olunması, qadınlara seçki hüququnun verilməsi kimi mühüm addımlarla tarixə düşməsindən bəhs edib. Diplomat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib, bu gün isə güclü iqtisadiyyata, müstəqil xarici siyasətə və beynəlxalq nüfuza malik dövlət kimi Cümhuriyyətin ideallarını uğurla həyata keçirir.

Çıxışında Cənubi Qafqaz regionu ilə Qərbi Balkan regionu arasında bir sıra tarixi bənzərliklərin mövcud olduğunu yada salan Azərbaycanın atdığı qətiyyətli addımlar sayəsində bərqərar olan sülh və sabitliyin üç xalqın müştərək dövləti kimi Bosniya və Herseqovina üçün də mühüm əhəmiyyət daşıdığını qeyd edib. 

Daha sonra iki ölkə arasındakı münasibətlərdən bəhs edən Vilayət Quliyev Azərbaycan – BvH əməkdaşlığının gələcək perspektivə istiqamətlənmiş yol xəritəsinin prezdent İlham Əliyevin 2013-cü ilin aprel ayında dost ölkəyə səfəri və səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq sazili ilə müəyyən olunduğunu xatırladıb. Azərbaycanın siyasi, iqtisadi, hərbi sahədə qazandığı təcrübəni bütün dost ölkələr kimi Bosniya və Herseqovina ilə də bölüşməyə hazır olduğunu, bu sahədə artıq bir sıra addımlar atıldığını yada salıb. Bosniya və Herseqovina tərəfinin ölkəmizə olan böyük marağının və əməkdaşlıq istəyinin təzahürü kimi, bu ilin bir neçə ayı ərzində Rəyasət Heyətinin üzvü xanım Jelka Tsvianoviçin, ölkənin baş nazirinin müavini, xarici ticarət naziri Staşa Koşaraçın, eləcə də müxtəlif rəsmi və işgüzar nümayəndə heyətlərinin Azərbaycana səfərlərini diqqətə çatdırıb. O, energetika, iqtisadiyyat, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini, Azərbaycan ilə Bosniya və Herseqovina arasında münasibətlərin qarşılıqlı hörmət və dostluq prinsipləri əsasında uğurla genişləndiyini bildirib.

Tədbirin bədii hissəsində qonaqlara Azərbaycanın tanınmış cazmeni, pianoçu-bəstəkar, Xalq artisti Salman Qəmbərovun solo caz proqramı təqdim olunub. Proqramına Tofiq Quliyev, Rauf Hacıyev, Niyazi, Vaqif Mustafazadə, eləcə də Georq Gerşvin, İrvinq Berlin və b. görkəmli musiqiçilərin əsərlərinin daxil edildiyi konsert böyük maraqla izlənib və dəfələrlə kəsilmək bilməyən alqışlarla müşayiət olunub. Azərbaycan caz məktəbinin ən görkəmli nümayəndələrindən sayılan Salman Qəmbərov uzun illərdir ki, ölkəmizin musiqi mədəniyyətini beynəlxalq səviyyədə uğurla təbliğ edir. Onun improvizasiya sənətinə əsaslanan fərqli ifa tərzi milli musiqi elementləri ilə müasir caz üslubunun sintezini özündə birləşdirir. Musiqiçi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil edib, müəllifi olduğu əsərlər isə caz ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Sarayevodakı konsertdə sənətkarın solo fortepiano ifası xüsusi maraq doğurub, proqram qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Səfirliyin təşkilatçılığı, Azərbaycanın tanınmış sənətkarlarının iştirakı ilə keçirilən klassik və xalq musiqisi axşamlarından sonra yüksək peşəkarlığı ilə seçilən caz konserti də Sarayevonun musiqi mühitində yaddaqalan hadisəyə çevrilib.

Sarayevoda təşkil olunmuş qəbul və konsert proqramı Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun ilbəil artdığını, ölkəmizin zəngin mədəni irsini və müasir incəsənət potensialını nümayiş etdirən əlamətdar tədbir kimi yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
50
525.az

10Mənbələr