AZ

Ağcaqanad dişləməsindən sonra bu əlamətlər təhlükəli sayılır — həkimdən xəbərdarlıq

Rusiyalı infeksionist Yelena Meskina ağcaqanad dişləməsindən sonra yaranan bəzi simptomların ciddi təhlükədən xəbər verə biləcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, həkimin sözlərinə görə, əgər dişləmədən sonra insanda yüksək hərarət, oynaq ağrıları, halsızlıq və ümumi vəziyyətin pisləşməsi müşahidə olunursa, dərhal həkimə müraciət etmək lazımdır. O bildirib ki, bu hallar infeksiya və ya allergik reaksiyanın əlaməti ola bilər.  

Meskina qeyd edib ki, əksər hallarda ağcaqanad dişləmələri ciddi təhlükə yaratmır və əsas narahatlıq qaşınma ilə məhdudlaşır. Belə hallarda yerli təsirli məlhəmlər və antihistamin preparatlar kömək edə bilər. Həkim hormonal tərkibli bəzi dəri məlhəmlərinin təhlükəsiz olduğunu və orqanizmə ciddi təsir göstərmədiyini vurğulayıb.  

Məlumata görə, son günlər Rusiyanın bir sıra bölgələrində ağcaqanadların sayında qeyri-adi artım qeydə alınıb. Moskva ətrafı, Ryazan, Nijni Novqorod, Volqoqrad, Başqırdıstan, eləcə də Sverdlovsk və Tümen vilayətlərində sakinlər həşəratların əvvəlki illərlə müqayisədə 3–4 həftə tez çoxaldığını bildirirlər.  

Entomoloqlar bunu əlverişli hava şəraiti ilə əlaqələndirirlər. Bildirilir ki, qışda yağan bol qar ağcaqanad sürfələri və yumurtaları üçün qoruyucu mühit yaradıb və onların şaxtadan sağ çıxmasına kömək edib.  

//Gülnarə Abasova, Editor.az

Seçilən
50
editor.az

1Mənbələr