AZ

İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumuna maraq böyükdür, 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə cari il iyunun 4-də Bakıda keçiriləcək 4-cü Milli Kibertəhlükəsizlik Forumuna maraq sürətlə artır. Hazırda forum üçün 1500-dən çox iştirakçı qeydiyyatdan keçib.

AKTA-nın icraçı direktoru Rauf Cabarov AZƏRTAC-a bildirib ki, foruma olan yüksək maraq ölkəmizdə kibertəhlükəsizliyin vacib mövzulardan birinə çevrildiyini göstərir: “Bu gün kibertəhlükəsizlik artıq yalnız texniki məsələ deyil, dövlətlərin dayanıqlığı, biznes mühitinin təhlükəsizliyi və cəmiyyətin rəqəmsal inkişafı ilə birbaşa bağlı strateji məsələdir. Forumumuza göstərilən böyük maraq da ölkəmizdə kibertəhlükəsizlik sahəsinə diqqətin və bu istiqamətdə əməkdaşlıq ehtiyacının artdığını göstərir”.

İcraçı direktor qeyd edib ki, forum çərçivəsində dövlət qurumları, beynəlxalq təşkilatlar, aparıcı texnologiya şirkətləri, kibertəhlükəsizlik ekspertləri və sənaye nümayəndələri bir araya gələrək, müasir kiber təhdidlər, süni intellektin kibertəhlükəsizlikdə rolu, kritik infrastrukturun qorunması, regional əməkdaşlıq imkanları, o cümlədən Türk Dövlətləri Təşkilatı və Şərq Tərəfdaşlığı regionu çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də innovativ təhlükəsizlik həlləri ətrafında müzakirələr aparacaqlar.

“Biz forumu yalnız bir tədbir kimi deyil, həm də ölkədə və regionda kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi üçün platforma kimi qiymətləndiririk”, – deyə AKTA-nın rəsmisi əlavə edib.

Tədbir proqramına panel sessiyalar, texniki təqdimatlar, beynəlxalq ekspert çıxışları və kibertəhlükəsizlik sərgisi daxildir. Forum çərçivəsində yerli və xarici şirkətlər innovativ məhsul və həllərini nümayiş etdirəcək.

4-cü Milli Kibertəhlükəsizlik Forumunun ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına və yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, forumun açıq qeydiyyatı bitib. Forum haqqında ətraflı məlumatı https://cyberforum.az  saytından əldə etmək mümkündür.

Seçilən
45
5
azertag.az

6Mənbələr