AZ

Respublika Gənclər Kitabxanasında Xalq şairi Söhrab Tahirin 100 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 27 may, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi, publisist Söhrab Tahirin 100 illik yubileyi münasibətilə zəngin məzmunlu elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, elektron məlumat bazası görkəmli şairin çoxşaxəli yaradıcılığının geniş şəkildə təqdim olunması məqsədilə hazırlanıb. Resursda şairin həyat və fəaliyyətini əhatə edən müxtəlif bölmələr sistemli şəkildə toplanıb.

Elektron məlumat bazasında ilk olaraq rəsmi sənədlər, müəllifin layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat təqdim olunur. Bununla yanaşı, Söhrab Tahirin həyat və yaradıcılığını əks etdirən “Xronologiya” bölməsi vasitəsilə onun keçdiyi yaradıcılıq yolu ardıcıl şəkildə izlənilir. Məlumat bazasında şairin zəngin ədəbi irsindən və mənalı həyat yolundan bəhs edən “O tay-bu tay - bütöv şair özündən bir əsr öncə ikiyə bölünmüş Vətənini qəlbən birləşdirib getmiş Söhrab Tahir...”, “Ədəbiyyatımızın dərdli şairi” və “Sözə sevdalı şair - Söhrab Tahir” kimi məqalələrin tam mətni yerləşdirilib.

Elektron bazanın əsas üstünlüklərindən biri də müəllifin yaradıcılığının geniş şəkildə təqdim edilməsidir. Elektron məlumat bazasında Söhrab Tahirin müəllifi olduğu kitablar, ön söz yazdığı nəşrlər, redaktoru olduğu əsərlər, müxtəlif illərdə qələmə aldığı məqalələr ayrıca bölmələrdə toplanıb. Eyni zamanda, şairin yaradıcılığı haqqında yazılmış kitablar və dövri mətbuat nümunələri də məlumat bazasına daxil edilib.

Bundan əlavə, elektron məlumat bazasında “Dissertasiyalar”, “Müsahibə və çıxışlar”, “Notlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələr də mövcuddur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
azertag.az

1Mənbələr