AZ

İrəvanın Qərbə qaçışı-Moskvanın son döyüşü: Ya bizimlə, ya da bizimlə…

Sergey Soyuqunun KTMT toplantısında səsləndirdiyi sərt mesajlar əslində Moskvanın Ermənistanla bağlı artan narahatlığının və geosiyasi təşvişinin açıq nümayişidir. Şoyqunun “eyni anda iki qatarda oturmaq olmaz” mesajı birbaşa İrəvana ünvanlanmış ultimatum xarakteri daşıyır. Kreml artıq açıq şəkildə göstərir ki, Ermənistan ya Rusiyanın təhlükəsizlik və siyasi orbitində qalmalı, ya da Qərbə inteqrasiya yolunun ağır nəticələri ilə üzləşməlidir.

Son illər Ermənistanın xarici siyasət kursunda baş verən dəyişikliklər Moskvanı ciddi şəkildə narahat edir. Xüsusilə Baş nazir Nikol Paşinyan hakimiyyətinin Avropa Birliyi ilə yaxınlaşması, ABŞ-la strateji tərəfdaşlıq sənədləri imzalaması, Böyük Britaniya ilə təhlükəsizlik əməkdaşlığını genişləndirməsi və KTMT-dən faktiki uzaqlaşması Kremlin regiondakı mövqelərinə ciddi təhdid kimi qəbul olunur. ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri və imzalanan strateji sənədlər isə Moskva üçün artıq təhlükə siqnalının yeni mərhələyə keçdiyini göstərdi.
Kreml çox yaxşı anlayır ki, Ermənistanın tam şəkildə Rusiyanın nəzarətindən çıxması təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya geosiyasətində yeni balans yarada bilər. Ermənistanın Qərbə inteqrasiyası ABŞ və Avropa üçün Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyaya daha rahat çıxış imkanları yaradır. Bu isə enerji marşrutları, nəqliyyat dəhlizləri, logistika, təhlükəsizlik və geoiqtisadi layihələr baxımından Qərbin əlini gücləndirir. Vaşinqtonun TRIPP layihəsi və regiondakı yeni nəqliyyat-kommunikasiya təşəbbüslərinə xüsusi önəm verməsi də məhz bu strateji məqsəddən qaynaqlanır.

Moskva isə bu prosesin qarşısını almaq üçün Ermənistanda bütün təsir alətlərini işə salmağa başlayıb. Kremlin əsas məqsədi 7 iyun seçkiləri öncəsi Paşinyanın mövqelərini zəiflətmək, cəmiyyət daxilində qorxu və qeyri-müəyyənlik yaratmaqdır. Şoyqunun bəyanatları da məhz bu psixoloji-siyasi təzyiq kampaniyasının tərkib hissəsidir. Ermənistana mesaj verilir ki, Moskvanın orbitindən çıxmaq siyasi, iqtisadi və təhlükəsizlik baxımından ağır nəticələr doğura bilər.
Bu təzyiq yalnız rəsmi bəyanatlarla məhdudlaşmır. Kreml Ermənistanda nəzarətində saxladığı siyasi və ictimai şəbəkələri aktivləşdirib. Xüsusilə keçmiş hakimiyyətə yaxın qüvvələrin, revanşist dairələrin və Rusiyaya bağlı siyasi fiqurların son dövrlər fəallaşması təsadüfi deyil. Moskva Paşinyana qarşı mübarizədə müxtəlif mərkəzlərdən istifadə edir.

Bu sırada Robert Köçəryan və Rusiyaya yaxınlığı ilə seçilən digər siyasi qüvvələrin aktivləşdirilməsi diqqət çəkir. Kremlin Ermənistanda ənənəvi dayaqlarından biri hesab olunan Köçəryan komandası Paşinyan hakimiyyətini zəiflətmək üçün əsas siyasi platformalardan biri kimi istifadə olunur. Bununla yanaşı, Erməni Apostol Kilsəsinin müəyyən çevrələrinin də prosesdə iştirak etdiyi müşahidə edilir. Kilsə Ermənistanda həm ictimai rəyə, həm milli kimlik məsələlərinə təsir gücünə malikdir və Moskva bunu mühüm təsir vasitəsi kimi görür.

Eyni zamanda Rusiyaya yaxın iri biznes şəbəkələrinin və oliqarxların da prosesə cəlb edildiyi görünür. Xüsusilə Samvel Karapetyan kimi fiqurların iqtisadi və media resursları vasitəsilə Ermənistan daxilində təsir imkanlarının genişləndirilməsi Kremlin çoxşaxəli strategiyasının bir hissəsidir. Məqsəd Paşinyan hakimiyyətini daxildən zəiflətmək, siyasi parçalanmanı dərinləşdirmək və cəmiyyətdə “Qərbə yaxınlaşmanın təhlükəli olduğu” fikrini gücləndirməkdir.
Moskvanın əsas arqumenti təhlükəsizlik məsələsidir. Kreml Ermənistan cəmiyyətinə mesaj verir ki, Rusiya təhlükəsizlik çətiri olmadan Ermənistan regional risklər qarşısında zəifləyə bilər. Şoyqunun KTMT ilə bağlı açıqlamalarında da bu xətt açıq görünür. Ermənistanın Avropa müşahidəçilərinə üstünlük verməsi və KTMT-dən uzaqlaşması Kremlin “xəyanət” kimi təqdim etdiyi siyasi xəttə çevrilib.

Lakin reallıq ondan ibarətdir ki, Ermənistan cəmiyyəti artıq ciddi seçim qarşısındadır. Bir tərəfdə Rusiyanın uzun illər davam edən təhlükəsizlik modeli və Moskva asılılığı, digər tərəfdə isə Qərbə inteqrasiya və yeni geosiyasi istiqamət dayanır. Bu seçim təkcə siyasi kurs deyil, həm də Ermənistanın gələcək iqtisadi modeli, təhlükəsizlik arxitekturası və regional mövqeyi ilə bağlıdır.
Bu prosesdə Azərbaycanın rolu da xüsusi əhəmiyyət daşıyır. Bakı regionda yeni geosiyasi və iqtisadi reallıq formalaşdıran əsas aktorlardan biridir. Ermənistanın regionda blokadadan çıxması, kommunikasiya layihələrinə qoşulması və iqtisadi inteqrasiyası məhz Azərbaycanla sülh gündəliyindən keçir. Qərb də anlayır ki, Ermənistanın sabit gələcəyi Bakı ilə uzunmüddətli sülh modelindən asılıdır. Buna görə Vaşinqton bir tərəfdən Paşinyanı dəstəkləyir, digər tərəfdən isə İrəvanı Azərbaycanla sülh prosesindən geri çəkilməməyə çağırır.

Beləliklə, Ermənistanda hazırda təkcə daxili siyasi mübarizə getmir. Ölkə əslində böyük geosiyasi seçim mərhələsinə daxil olub. Moskva Ermənistanı öz orbitində saxlamaq üçün bütün təsir mexanizmlərini işə salır, Qərb isə İrəvanı yeni regional düzənin bir hissəsinə çevirməyə çalışır. 7 iyun seçkiləri də məhz bu böyük qarşıdurmanın siyasi kulminasiya nöqtəsinə çevrilməkdədir.

Mürtəza Bünyadlı

Seçilən
56
1
olke.az

2Mənbələr