AZ

Aqrar inkişafın yeni mərhələsi: məhsuldarlıq, ərzaq təhlükəsizliyi və ixrac gücü - TƏHLİL

Azərbaycan 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiqlənmiş yeni Dövlət Proqramı ilə növbəti inkişaf mərhələsinə daxil olur. Bu mərhələnin əsas fərqi ondan ibarətdir ki, məqsəd yalnız istehsal həcmini artırmaq deyil, yüksək məhsuldarlığa, texnoloji idarəetməyə, emal zəncirinin dərinləşməsinə, ixracın şaxələnməsinə və kənd yerlərində sosial rifahın yüksəldilməsinə əsaslanan rəqabətqabiliyyətli aqrar iqtisadiyyat qurmaqdır. Yeni proqram kənd təsərrüfatını yalnız iqtisadi fəaliyyət sahəsi kimi deyil, ölkənin ərzaq təhlükəsizliyinin, regionların davamlı inkişafının və qeyri-neft sektorunun əsas dayaqlarından biri kimi nəzərdən keçirir.

Regional inkişaf proqramlarından aqrar inkişafın yeni mərhələsinə

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri regionların inkişafı olub. 2004-cü ildən başlayaraq qəbul edilən və uğurla icra olunan regional inkişaf dövlət proqramları kənd təsərrüfatının inkişafı üçün zəruri bazanı formalaşdırıb.

Həmin dövrdə bölgələrdə qazlaşdırma səviyyəsi aşağı idi, elektrik təchizatında fasilələr müşahidə olunurdu, içməli və suvarma suyu ilə təminatda ciddi problemlər mövcud idi, avtomobil yollarının əksəriyyəti yararsız vəziyyətdə idi. İnfrastrukturun zəifliyi kənd təsərrüfatının inkişafına mane olur, istehsal olunan məhsulların bazarlara çıxarılması və saxlanması çətinləşirdi.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, o, hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərindən biri regional inkişaf proqramı olub və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi: “2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil”.

Son 22 ildə həyata keçirilən proqramlar nəticəsində regionlarda tamamilə yeni iqtisadi və sosial mühit formalaşıb. Minlərlə kilometr avtomobil yolu çəkilib, elektrik enerjisi və qaz təminatı demək olar ki, tam həllini tapıb, yeni su anbarları yaradılıb, kəndlərarası əlaqələr gücləndirilib. Bu infrastruktur bazası bu gün kənd təsərrüfatında yeni inkişaf mərhələsinin əsas dayağı rolunu oynayır. Əslində, yeni Dövlət Proqramı da məhz son 20 ildən artıq müddətdə yaradılmış bu möhkəm təməl üzərində qurulur.

Ərzaq təhlükəsizliyi dövlət siyasətinin prioritetidir

Müasir dövrdə ərzaq təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, milli təhlükəsizlik məsələsinə çevrilib. Son illərdə dünyada müşahidə olunan geosiyasi böhranlar, logistika zəncirlərində yaranan problemlər, iqlim dəyişiklikləri və qlobal ərzaq bazarlarında qiymət dalğalanmaları ölkələrin daxili istehsal imkanlarının artırılmasının vacibliyini daha da aktuallaşdırıb.

Azərbaycanın yeni Dövlət Proqramında əsas məqsədlərdən biri strateji məhsullar üzrə özünütəminetmə səviyyəsini yüksəltməkdir. Buğda, ət, süd, quşçuluq və balıqçılıq sahələrinin inkişafı məhz bu hədəfə xidmət edir.

Müşavirədə buğda istehsalı məsələsinə xüsusi diqqət çəkən Prezident İlham Əliyev Azərbaycanın ərzaqlıq buğda üzrə özünütəminetmə səviyyəsinin qənaətbəxş olmadığını bildirib:“Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”.

Bu fikrin arxasında duran əsas məntiq ölkənin xarici bazarlardan asılılığını azaltmaq və daxili bazarın dayanıqlığını gücləndirməkdir. Ərzaq təhlükəsizliyi yalnız məhsul istehsalı ilə məhdudlaşmır. Buraya məhsulun saxlanılması, emalı, logistika imkanlarının yaradılması və istehlakçılara fasiləsiz çatdırılması da daxildir.

Ərzaq təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Məhz buna görə də yeni Dövlət Proqramında istehsaldan emala, logistikadan ixraca qədər bütün mərhələləri əhatə edən kompleks yanaşma nəzərdə tutulur. Məqsəd təkcə məhsul istehsalını artırmaq deyil, həm də ərzaq təminatında dayanıqlı və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır.

Məhsuldarlığın artırılması yeni dövrün əsas hədəfidir

Yeni mərhələdə diqqət torpaq sahələrinin genişləndirilməsindən daha çox məhsuldarlığın yüksəldilməsinə yönəldilir. Dünyanın qabaqcıl aqrar ölkələrinin təcrübəsi göstərir ki, yüksək məhsuldarlıq rəqabət qabiliyyətinin əsas şərtidir. Azərbaycanın qarşısında duran əsas vəzifə hər hektardan əldə olunan məhsulun həcmini artırmaq, su və torpaq resurslarından daha səmərəli istifadə etməkdir.

Bu məqsədlə müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək, torpaq analizləri və aqrokimyəvi xəritələşdirmə aparılacaq, yüksək məhsuldar toxum və tinglərdən istifadənin həcmi artırılacaq, aqrar elmin nailiyyətləri istehsalata inteqrasiya ediləcək və rəqəmsal texnologiyaların tətbiqi daha da genişləndiriləcək. Torpaq resurslarından səmərəli istifadə məsələsi xüsusi əhəmiyyət daşıyır. Hər bir regionun torpaq və iqlim xüsusiyyətlərinə uyğun məhsul ixtisaslaşmasının müəyyənləşdirilməsi məhsuldarlığın yüksəldilməsi baxımından vacib hesab olunur. Elmi əsaslandırılmış əkin strukturu və müasir aqrotexniki yanaşmalar kənd təsərrüfatında yeni keyfiyyət mərhələsinin əsas elementləri olacaq.

Sahəvi dövlət proqramları kənd təsərrüfatını canlandırıb

Son illərdə üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, baramaçılıq və digər sahələr üzrə qəbul edilmiş dövlət proqramları aqrar sektorun dirçəlməsində mühüm rol oynayıb. Pambıqçılıq bir sıra rayonlarda məşğulluğun artmasına səbəb olub, fındıqçılıq ixrac potensialının güclənməsinə xidmət edib, üzümçülük və şərabçılıq sahəsində yeni investisiyalar həyata keçirilib, baramaçılığın yenidən bərpası kənd əhalisinin gəlirlərinin artırılmasına töhfə verib.

Bu proqramlar kənd təsərrüfatının yalnız istehsal göstəricilərini deyil, həm də sosial əhəmiyyətini artırıb. Minlərlə ailənin gəlir mənbəyi genişlənib, regionlarda iqtisadi aktivlik yüksəlib və kənd yerlərində məşğulluq imkanları artıb.

Dövlət dəstəyi aqrar inkişafın əsas amillərindəndir

Azərbaycanda kənd təsərrüfatının inkişafının əsas üstünlüklərindən biri dövlət dəstəyinin sistemli xarakter daşımasıdır. Fermerlərə təqdim edilən subsidiyalar, yanacaq və motor yağlarına görə maliyyə dəstəyi, güzəştli gübrə təminatı, texnika lizinqi, aqroparkların yaradılması, güzəştli kreditlər və aqrar sığorta mexanizmləri kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.

Bu gün ölkədə fəaliyyət göstərən aqroparklar müasir aqrar istehsalın nümunəsinə çevrilib. Burada innovativ texnologiyalar tətbiq edilir, məhsuldarlıq yüksəlir, emal və logistika imkanları yaradılır. Dövlət dəstəyi kənd təsərrüfatını riskli sahədən investisiya baxımından daha cəlbedici sektora çevirməyə imkan verir və özəl kapitalın bu istiqamətə marağını artırır.

Su təminatı və meliorasiya yeni inkişafın açarıdır

Azərbaycanın iqlim xüsusiyyətləri nəzərə alındıqda su təminatı kənd təsərrüfatının inkişafında həlledici amildir. Son illərdə Taxtakörpü, Şəmkirçay və digər iri layihələrin reallaşdırılması su təminatının gücləndirilməsinə imkan verib. Eyni zamanda onlarla hidrotexniki qurğunun yenidən qurulması istiqamətində işlər görülüb.

Qarabağ və Şərqi Zəngəzur bölgəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xaçınçay, Suqovuşan, Sərsəng, Zabuxçay, Bərgüşad və Həkəri kimi su ehtiyatları gələcəkdə regionun aqrar potensialının reallaşdırılmasında mühüm rol oynayacaq. Şirvan və Qarabağ kanallarının yenidən qurulması layihələri də strateji əhəmiyyətə malikdir. Bu layihələrin başa çatması yüz minlərlə hektar torpaq sahəsinin dayanıqlı su təminatına imkan yaradacaq.

Müasir damcı və yağışvarı suvarma sistemlərinin geniş tətbiqi həm su itkilərinin azaldılmasına, həm də məhsuldarlığın yüksəldilməsinə xidmət edir. İqlim dəyişikliklərinin təsirlərinin gücləndiyi bir dövrdə su ehtiyatlarının səmərəli idarə olunması aqrar siyasətin əsas istiqamətlərindən biri kimi çıxış edir.

Soyuducu anbarlar və emal sənayesi yeni imkanlar yaradır

Aqrar məhsulun istehsal olunması qədər onun saxlanılması və emalı da vacibdir. Azərbaycanda son illərdə yüz minlərlə ton tutuma malik soyuducu anbarlar yaradılıb. Bu infrastruktur məhsul itkilərinin qarşısının alınmasına, qiymət sabitliyinin qorunmasına və ixrac imkanlarının genişlənməsinə xidmət edir.

Yeni Dövlət Proqramında soyuducu anbar potensialının daha da artırılması nəzərdə tutulur. Eyni zamanda meyvə-tərəvəz emalı, süd məhsulları istehsalı, ət emalı, konserv sənayesi və digər istiqamətlərdə yeni müəssisələrin yaradılması əlavə dəyərin ölkə daxilində formalaşmasına imkan yaradır. Bu yanaşma fermer gəlirlərinin yüksəlməsinə, ixrac gəlirlərinin artmasına və yeni iş yerlərinin açılmasına şərait yaradır.

“Made in Azerbaijan” brendinin güclənməsi

Yeni Dövlət Proqramının mühüm istiqamətlərindən biri yerli məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasıdır. Azərbaycan artıq bir sıra kənd təsərrüfatı məhsulları üzrə tanınmış ixracatçı ölkələrdən biri hesab olunur. Meyvə-tərəvəz, fındıq, pambıq, şərab və digər məhsullar xarici bazarlarda öz mövqelərini gücləndirirlər.

Qeyri-neft sektorunun inkişafı üçün kənd təsərrüfatı xüsusi əhəmiyyət daşıyır. Lakin qarşıdakı mərhələdə əsas hədəf yalnız xammal ixracı deyil, emal olunmuş və yüksək əlavə dəyərə malik məhsulların payını artırmaqdır. “Made in Azerbaijan” brendinin gücləndirilməsi məhsulların beynəlxalq sertifikatlaşdırılmasını, müasir qablaşdırma və marketinq həllərinin tətbiqini, xarici bazarlarda tanıtım tədbirlərinin genişləndirilməsini və logistika imkanlarının inkişaf etdirilməsini tələb edir. Bu istiqamətdə əldə olunacaq nəticələr qeyri-neft ixracının artmasına və ölkənin beynəlxalq iqtisadi mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Özəl sektor və xarici investisiyalar üçün yeni imkanlar

Yeni Dövlət Proqramı dövlət və özəl sektor tərəfdaşlığını əsas prioritetlərdən biri kimi müəyyən edir. Aqrar istehsal, emal, logistika, soyuducu anbarlar, istixana kompleksləri, heyvandarlıq və akvakultura sahələrində böyük investisiya imkanları mövcuddur.

Azərbaycanda siyasi sabitlik, təhlükəsizlik, əlverişli investisiya mühiti və dövlət dəstəyi mexanizmləri bu sahəyə xarici investorların marağını artırır. Müasir istixana komplekslərinin genişləndirilməsi, intensiv bağçılığın inkişafı, aqroparkların sayının artırılması və emal müəssisələrinin yaradılması qarşıdakı illərdə aqrar sektora investisiya axınının daha da güclənəcəyini göstərir.

Kənd yerlərində rifah və balanslı regional inkişaf

Yeni aqrar siyasətin ən mühüm nəticələrindən biri kənd yerlərində həyat keyfiyyətinin yüksəlməsi olmalıdır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır”.

Son illərdə regionlarda məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət mərkəzləri və digər sosial infrastruktur obyektləri yaradılıb. Kənd təsərrüfatının inkişafı bu sosial layihələrin iqtisadi əsasını daha da gücləndirir. Kənddə gəlir imkanlarının artması miqrasiya proseslərini zəiflədə, regionlarda demoqrafik tarazlığın qorunmasına və sosial sabitliyin möhkəmlənməsinə xidmət edə bilər.

Nəticə

2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı Azərbaycan kənd təsərrüfatında keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoyur. Bu mərhələnin mərkəzində məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ixrac potensialının genişləndirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi dayanır.

İnfrastruktur layihələri, müasir suvarma sistemləri, aqrar innovasiyalar, emal sənayesinin inkişafı, dövlət dəstəyi mexanizmləri və özəl investisiyaların cəlbi kənd təsərrüfatını Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas lokomotivlərindən birinə çevirə bilər. Beləliklə, qarşıdakı dövrdə məqsəd sadəcə daha çox məhsul istehsal etmək deyil, yüksək məhsuldarlığa, innovasiyaya, ixrac yönümlülüyə və dayanıqlı inkişafa əsaslanan müasir aqrar iqtisadiyyat formalaşdırmaqdır. Bu yanaşma həm ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirəcək, həm də regionların balanslı inkişafına, kənd əhalisinin rifahının yüksəlməsinə və “Made in Azerbaijan” brendinin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verəcək.

Seçilən
1
1
apa.az

2Mənbələr