Sürücü piyadanın təhlükəsizliyinə, piyada isə həm öz həyatına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə qarşı həssas yanaşmalıdır.
Publika.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.
O bildirilib ki, son günlər, xüsusilə bayram öncəsi yollarda hərəkət intensivliyinin artdığı bir vaxtda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur: "Təhlillər göstərir ki, belə qəzaların bir qismi sürücülərin diqqətsizliyi, digər qismi isə piyadaların məsuliyyətsiz davranışları səbəbindən baş verir.
Yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin deyil, piyadaların da birbaşa məsuliyyət daşıdığı sahədir. Təəssüf ki, bəzi piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmir, nəqliyyat axınının arasından qəfil yola çıxır, çoxzolaqlı və intensiv hərəkətin olduğu hissələrdən keçməyə çalışır, bəzən isə mobil telefondan istifadə edə-edə yolu keçir. Bu cür davranışlar insan həyatını birbaşa təhlükə altına qoyur".
R.Tağıyev vurğulayıb ki, xüsusilə gecə saatlarında, məhdud görünmə şəraitində və sürətli hərəkətin müşahidə olunduğu ərazilərdə piyadanın qəfil hərəkət hissəsinə daxil olması faciə riskini daha da artırır: "Bəzi piyadalar düşünür ki, sürücü onları mütləq görəcək və vaxtında dayanacaq. Halbuki yüksək sürət, yolun vəziyyəti, hava şəraiti, qarşıdan gələn işıqlar və digər amillər nəqliyyat vasitəsinin dərhal saxlanılmasını hər zaman mümkün etmir.