AZ

Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR

Premyer-liqada mövsüm bitdi. Artıq bütün sualların cavabı bəllidi. Ancaq bir məqam var ki, böyük sual altındadı və nəyin necə olacağını təxmin etmək samanlıqda iynə axtarmağa bənzəyir. Söhbət ölkəmizin fəaliyyətdə olan ən təcrübəli FİFA referisi Əliyar Ağayevin taleyindən gedir.

Məlum olduğu kimi, Ağayev ölkə kubokunun yarımfinalının "Turan Tovuz" - "Zirə" matçında "bozqurd"un xeyrinə iki penalti təyin etmədiyinə görə futbol ictimaiyyətinin və AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun qəzəbinə tuş gəlmişdi. Rəhim bəyin ona 5 tur cəza verməsi ilə bağlı iddialar yayılmışdı. Düzdü, Əliyar Ağayev həqiqətən də 5 tur sonra iş başında oldu. Ancaq elita klublarının yarışında yox, əvəzedicilər liqasında. Bu çempionatın 25-ci turunda “Zirə-2” – “Sumqayıt-2” matçını idarə edən ədalət təmsilçisini növbəti dəfə 1-ci liqanın 26-cı turunun “Səbail” – “Şahdağ Qusar” görüşündə gördük. Düzdü, onun idarə etdiyi 1-ci liqa matçı Bayıl təmsilçisinin narazılığıyla nəticələnmişdi. “Dənizçilər”in baş məşqçisi Adil Şükürov 38-ci dəqiqədə hakimin qərarlarına etiraz etdiyinə görə sarı vərəqə almışdı.

Yenə də Əliyar bəyin mövsümün son qarşılaşmasında təyinat almaq ehtimalı qüvvədə idi. Lakin Rəhim Həsənov ona nəinki meydanda, heç VAR-da da şans vermədi. FİFA referisi premyer-liqa və 1-ci liqa uğrunda pley-off oyunlarında da iş başında olmayacaq.

Bəs, başverənləri necə dəyərləndirmək mümkündü? GerçəkdənƏliyar Ağayev üçün hər şey bitdi? Onun növbəti mövsümlə bağlı şansları qalırmı? Ümumiyyətlə, belə təcrübəli FİFA referisinin hesabdan silinməsi məqsədəuyğun addımdımı?
Bu sualları "Football-plus.az"ın daimi eksperti, sabiq FİFA referisi Fariz Yusifova ünvanladıq:

"Heç şübhəsiz, narahatedici məqamdı. Əliyar Ağayevi illərlə əziyyət çəkib yetişdirmişik... O, hazırda Avropa səviyyəsində lider olan hakimlərimizdən biridi. Təəssüf hissi keçirirəm ki, "Turan Tovuz"un oyununda kobud səhvə yol verdi. Görünür, komitə bu gün belə səhvləri bağışlamaq niyyətində deyil. Daha əvvəl də bildirmişdim ki, hər səhvə görə cəza müddəti var. Hakimlər əvvəldən belə məqamlarla tanış olur, mümkün səhvlər üzündən verilə biləcək cəzalarla razılaşdığı barədə imza atır. Yəqin ki, belə səhvin cəzası 5 tur deyilmiş. Düzü, mən bu barədə rəsmi açıqlama da görməmişəm. Böyük ehtimalla, hakimimiz mövsümün sonunadək cəzalandırılıbmış. Ümid edirəm ki, Əliyar Ağayev bu hadisəni fürsət kimi dəyərləndirib, istirahət edəcək. Bəlkə həmin yanlış qərarlar yorğunluğun nəticəsi imiş. Onsuz da 2025/26 mövsümündə hakimlərin üzərinə çox böyük məsuliyyət düşdü, daim təzyiq altında oldular. Əksər ədalət təmsilçiləri kobud səhvlərlə yadda qaldı. Bəlkə bu fasilə Əliyar Ağayevin də işinə yarayar. Dincələr, soyuq başla növbəti mövsümə hazırlaşar. Hər halda, təkcə o yox, bütün hakimlər Hakimlər Komitəsinin qərarlarına əməl etməli, qarşı tərəfi başa düşməlidi. Əliyar Ağayev kimi ədalət təmsilçisi belə cəzalandırılırsa, qalan hakimlər daha diqqətli, məsuliyyətli olmalıdı. Belə səviyyədə, dərəcədə olan ədalət təmsilçisinin ağır cəza ilə üzləşməsi hamıya dərs olmalı, hər biri işə yanaşma tərzini yaxşılaşdırmalıdı".

KƏNAN BAHADIR 
Seçilən
44
2
football-plus.az

3Mənbələr