Çin hakimiyyəti İran və ABŞ arasındakı münaqişəni həll etmək üçün diplomatik səylərini davam etdirir.
Redaktor.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yinin bəyanat yayıb.
Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir mayın 26-da Nyu-Yorkda jurnalistlərə açıqlamasında sülh üçün hələ də ümidin olduğunu bildirib. O vurğulayıb ki, Çin həmişə mövcud böhranın aradan qaldırılması üçün çalışıb və hazırkı vəziyyətdə ABŞ ilə İran arasında birbaşa danışıqların aparılması həlledici əhəmiyyət kəsb edir.
Vanq Yi qeyd edib ki, tərəflər arasında uzun müddətdir davam edən fundamental fikir ayrılıqları bir gecədə həll edilə bilməz, lakin "danışıqlarda irəliyə doğru atılan hər bir addım sülhə daha böyük ümid verir". Nazirin sözlərinə görə, münaqişə nə qədər tez bitərsə, yaşanan itkilər də bir o qədər az olacaq.
Baş diplomat Tehran və Vaşinqtonun atəşkəsin əldə olunması üçün real addımlar atacağına və Yaxın Şərqdə sabitliyin mümkün qədər tez bərpa ediləcəyinə ümidvar olduğunu bildirib. O əlavə edib ki, Pekin münaqişənin əsas tərəfləri ilə yanaşı, regionun aparıcı dövlətləri və beynəlxalq tərəfdaşlarla da sıx təmasları davam etdirir.
Vanq Yi Çinin rəsmi mövqeyini bir daha xatırladaraq mühüm prinsiplərə diqqət çəkib: "Biz regional dövlətlərin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın, mülki şəxslərin və mülki obyektlərin qorunmasının, dəniz yollarının və enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin və nüvə silahının yayılmaması rejiminin müddəalarına riayət etməyin zəruri olduğuna inanırıq".
Aminə ŞAHSUVARQIZI