Geridə qoyduğumuz mövsümdə Premyer Liqada yerini qoruyan “Kəpəz” növbəti futbol ilinə daha iddialı hazırlaşacaq. Gəncə təmsilçisində yay fasiləsində ciddi dəyişikliklər baş verəcək.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, klubun İdarə Heyətinin sədri Adil Vəliyev vəzifəsindən ayrılır. Bildirilir ki, onun yerinə tanınmış iş adamlarından biri gələcək.
Rəhbər dəyişikliyindən sonra “sarı-göylər”in daha dayanıqlı maliyyə dəstəyi ilə orta pillələr uğrunda mübarizə aparacaq heyət formalaşdırmaq niyyətində olduğu qeyd edilir.
Komandada yalnız rəhbərlik yox, məşqçilər korpusunda və heyətdə də dəyişikliklər olacaq. Azər Bağırovun növbəti mövsüm komandada olmayacağı artıq məlumdur. Yeni baş məşqçinin gəlişindən sonra heyətin də onun istəyinə uyğun formalaşdırılacaq.
Bir sözlə, “Kəpəz”də yeni dönəmin astanasındayıq. Gəncə təmsilçisinin qarşıdakı mövsümdə daha iddialı görünəcəyi gözlənilir.