AZ

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

Yaxın Şərqdəki gərginlik bütün dünyanın iqtisadi gündəmini dəyişdirib. Müharibə təhlükəsi, enerji yollarının bağlanması riski və maliyyə bazarlarındakı qeyri-müəyyənlik milyonlarla insan üçün yaşayış xərclərini artırsa da, bəzi şirkətlər üçün yeni qazanc imkanları yaradıb. Xüsusilə neft-qaz, bank, müdafiə sənayesi və bərpaolunan enerji sektorlarında fəaliyyət göstərən korporasiyalar bu böhrandan əlavə gəlir əldə edirlər.

Münaqişənin ən böyük iqtisadi təsiri enerji bazarlarında hiss olunur. Dünyanın ən strateji enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazı üzərindən dünya neft və mayeləşdirilmiş qaz tədarükünün mühüm hissəsi həyata keçirilir. Regionda hərbi risklərin artması bu marşrutun təhlükəsizliyini sual altına salıb və nəticədə neft qiymətləri sürətlə yüksəlib.

Neftin bahalaşması ilk növbədə qlobal enerji nəhənglərinin gəlirlərini artırıb. Dünyanın aparıcı enerji şirkətlərindən olan BP ilin ilk rübündə mənfəətini iki dəfə artıraraq 3,2 milyard dollara çatdırıb. Şirkət bunu enerji bazarlarındakı yüksək dəyişkənlik və ticarət əməliyyatlarındakı uğurlu nəticələrlə əlaqələndirib. Digər böyük enerji şirkəti "Shell" isə 6,92 milyard dollar mənfəət əldə edərək bazar proqnozlarını üstələyib. Fransanın enerji nəhəngi "TotalEnergies" də neft və qaz qiymətlərindən faydalanaraq gəlirlərini əhəmiyyətli şəkildə artırıb. ABŞ şirkətləri "ExxonMobil" və "Chevron" bəzi logistika çətinlikləri ilə üzləşsələr də, enerji qiymətlərinin yüksək qalmasının onların gəlirlərinə müsbət təsir göstərəcəyi gözlənilir.

Gərginlik şəraitində investorlar enerji sektorunu daha təhlükəsiz və gəlirli sahə hesab edirlər. Bu isə neft şirkətlərinin səhmlərinin dəyərinin yüksəlməsinə səbəb olur. Lakin yüksək enerji qiymətləri bir sıra ölkələrdə inflyasiyanı sürətləndirir, əhalinin gündəlik xərclərini artırır. Bundan başqa, müharibənin yaratdığı qeyri-sabitlik maliyyə bazarlarında da ciddi dalğalanmalara səbəb olur. İnvestorlar riskli aktivlərdən uzaqlaşaraq daha təhlükəsiz hesab edilən investisiya vasitələrinə yönəlirlər. Bu vəziyyət isə iri bankların ticarət əməliyyatlarından əldə etdikləri gəlirləri artırır. ABŞ-nin ən böyük maliyyə holdinqlərindən olan "ÆPMorgan Chase" ilin ilk üç ayında ticarət əməliyyatlarından rekord həddə, yəni 11,6 milyard dollar gəlir əldə edib. Bu nəticə bankın tarixində ən yüksək göstəricilərdən biri hesab olunur. "Goldman Sachs", "Morgan Stanley", "Citigroup" və "Bank of America" kimi maliyyə nəhəngləri də mənfəətlərinin artdığını açıqlayıblar.

Yaxın Şərqdəki böhran səbəbindən bazarlarda yaranan panika və sürətli qiymət dəyişiklikləri bankların valyuta, istiqraz və səhm ticarətindən daha çox gəlir əldə etməsinə imkan yaradıb. Bəzi investorlar səhmlərini sataraq bazardan çıxmağa çalışarkən, digərləri qiymətlərin enməsini fürsət hesab edib yeni alışlar həyata keçirirlər. Bu isə ticarət həcmlərini rekord səviyyəyə çatdırır. Münaqişələrdən ən çox qazanan sahələrdən biri də hər zaman müdafiə sənayesi olub. Yaxın Şərqdəki gərginlik hökumətləri müdafiə büdcələrini artırmağa və yeni silah sistemləri almağa sövq edir. Belə ki, Britaniyanın müdafiə şirkəti "BAE Systems" bu il satış və mənfəətində ciddi artım gözlədiyini açıqlayıb. Şirkət bildirib ki, qlobal təhlükəsizlik risklərinin artması hökumətlərin hərbi xərclərini sürətlə yüksəldir. ABŞ müdafiə sənayesinin əsas oyunçuları olan "Lockheed Martin", "Boeing" və "Northrop Grumman" də rekord sayda sifariş aldıqlarını açıqlayıblar. Xüsusilə, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və raket texnologiyalarına tələbatın sürətlə artdığı qeyd olunur. Görünür, Yaxın Şərqdəki gərginlik yaxın illərdə də müdafiə sektorunun böyüməsinə səbəb olacaq. 

Müharibə həm də alternativ enerji mənbələrinin əhəmiyyətini gündəmə gətirib. Enerji təhlükəsizliyi məsələsi bir çox ölkəni neft və qaz asılılığını azaltmağa istiqamətləndirir. ABŞ-nin "NextEra Energy" şirkətinin səhmləri bu il 17 faiz artıb. Danimarkanın külək enerjisi şirkətləri "Vestas" və "Orsted" də mənfəətlərində yüksəliş olduğunu açıqlayıblar. Böyük Britaniyada fəaliyyət göstərən "Octopus Energy" isə günəş panelləri və istilik nasoslarına tələbin sürətlə artdığını bildirib. Şirkətin məlumatına görə, son aylarda günəş paneli satışları 50 faiz yüksəlib. Bundan əlavə, yanacaq qiymətlərinin bahalaşması elektrikli avtomobillərə marağı da artırır. Xüsusilə, Çin istehsalçıları bu prosesdən böyük iqtisadi fayda əldə edirlər.

Müharibələr siyasi və humanitar nəticələrlə yanaşı, böyük iqtisadi maraqlar da yaradır. Bir tərəfdən, milyonlarla insan yüksək inflyasiya, bahalaşma və iqtisadi qeyri-sabitliklə üzləşir, digər tərəfdən isə iri korporasiyalar rekord gəlirlər açıqlayırlar. Bu vəziyyət iqtisadi sistemdə böhranların necə qeyri-bərabər təsir yaratdığını göstərir. Münaqişələr bəzi dövlətlər və şirkətlər üçün böyük maliyyə yükü yaratsa da, digərləri üçün yeni qazanc imkanlarına çevrilir. Yaxın Şərqdə gərginlik davam etdikcə enerji, müdafiə və maliyyə sektorlarında fəaliyyət göstərən şirkətlərin gəlirlərinin daha da artacağı ehtimal olunur. Bu isə qlobal iqtisadiyyatda qeyri-sabitliyin uzun müddət davam edəcəyini göstərir.

Təhminə VERDİYEVA,

"Azərbaycan"

Seçilən
46
azerbaijan-news.az

1Mənbələr