AZ

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı daha üç sənədlə möhkəmləndi

İndiyədək Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrində böyük uğurlar əldə edilib. Keçən il iki ölkə arasında  ticarət dövriyyəsi 800 milyon dollardan çox olub, bu ilin ilk rübündə  də artım kifayət qədər yüksəkdir. Gürcüstanda mövcud olan müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir. Bu günə qədər ölkəmiz tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. İqtisadi əməkdaşlıq bir sıra sahələri əhatə edir və getdikcə genişlənir. 

Xəbər verildiyi  kimi,  Prezident İlham Əliyevin mayın 18-də Bakıya WUF13-də iştirak etmək üçün gələn Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin bir çox istiqamət üzrə dinamik inkişafına toxunulub, ikitərəfli gündəliyin geniş olduğu qeyd edilib. Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsində rolu vurğulanıb.

Sonra Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə bir sıra sənədlər imzalanıb. Bunlar Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə saziş, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə saziş və Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının protokoludur. 

Bu baxımdan Prezident İlham Əliyevin çıxışlarının birində dediyi sözləri xatırlamaq yerinə düşər: "Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkənin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. "Cənub qaz dəhlizi" də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu, bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir".

Yeni  imzalanan sənədlər də məhz bu deyilənləri təsdiq edir. Belə ki, imzalanan sənədlərdən biri yeni Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə aiddir. Bu, Asiya ilə Avropanı birləşdirən Orta dəhlizin əsas hissəsini təşkil edən, yüklərin birbaşa və sürətli daşınmasını təmin edən strateji beynəlxalq nəqliyyat marşrutudur. Layihə Azərbaycan, Gürcüstan və Türkiyəni dəmir yolu xətti ilə birləşdirir, onun əsas məqsədi və ifadə etdiyi üstünlüklər isə İpək yolunun bərpasını ehtiva edir. Yəni Çin və Mərkəzi Asiyadan (Qazaxıstan, Türkmənistan) gələn yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə ərazisi ilə Avropaya və əksinə fasiləsiz daşınması təmin olunur.

Qaldı ki, elektrik enerjisinin Gürcüstanın ərazisi ilə tranzitinə, bu layihənin də böyük gələcəyi var. Söhbət "yaşıl enerji"nin ixracından gedir. Hələ 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında" saziş imzalanıb.    

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu günlərdə öz ölkəsində televiziya ilə çıxış edərkən qaz təchizatı məsələsinə də toxunub. Bildirib ki, təbii qazın alışı üzrə Azərbaycanla 20 illik müqavilənin müddəti başa çatırdı. Amma Azərbaycan tərəfi ilə aparılan səmərəli danışıqlar nəticəsində müqavilənin müddəti daha 20 il uzadıldı. Kobaxidze bu razılaşmaya görə Azərbaycan tərəfinə bir daha minnətdarlıq edib. 

Bu gün Azərbaycan qazı Gürcüstana əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK)  vasitəsilə çatdırılır. CQBK 2006-cı ildə  istifadəyə verilib və həmin vaxtdan fasiləsiz fəaliyyət göstərir. 

Onu da qeyd edək ki, təkcə cari ilin 4 ayında (yanvar-aprel) Azərbaycandan Gürcüstana 184 milyon kubmetrdən çox təbii qaz ixrac olunub. Ümumilikdə 2026-cı il üçün təsdiqlənmiş qaz balansına əsasən, Gürcüstanın il ərzində Azərbaycandan təqribən 2.9 milyard kubmetr həcmində təbii qaz idxal etməsi nəzərdə tutulur. Bu ölkə qaz tələbatının təxminən 88  faizini Azərbaycan qazı hesabına ödəyir. Eyni zamanda tərəflər arasında mövcud olan qaz tədarükü sazişinin müddəti daha 20 il uzadılaraq 2044-cü ilə qədər artırılıb. 

Azərbaycan qazının da dünyaya yolu məhz qonşu və dost Gürcüstandan keçir. Belə ki, 2007-ci ildən qazı Türkiyəyə daşıyan Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin ön hissəsini CQBK təşkil edir. Ümumi uzunluğu təxminən 692 kilometr (Azərbaycanda  443, Gürcüstanda təxminən 249 kilometr) təşkil edən CQBK-ya Gürcüstan-Türkiyə sərhədində 280 kilometrlik bir xətt də qoşulur. Bu boru xətti ilə qaz Ərzuruma çatdırlır. Səngəçaldan Ərzurumadək uzanan marşrut bütövlükdə BTƏ adlanır. 2018-ci ilin iyun ayından Azərbaycan qazını Türkiyəyə ixrac edən TANAP (Trans- Anadolu Qaz Boru Kəməri) da mavi yanacağı genişləndirilmiş CQBK-dan qəbul edir. Qısaca desək, ümumiyyətlə, genişləndirilmiş CQBK, TANAP və TAP-dan (Trans-Adriatik Qaz Boru Kəməri) ibarət olan "Cənub qaz dəhlizi"nin  Avropaya uzanan və getdikcə şaxələnən marşrutu Gürcüstandan keçir. Yeri gəlmişkən: TAP 2020-ci il dekabrın 31-də istifadəyə verilib.    

Deyilənlərə bu il aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidzenin mətbuata bəyanatında səsləndirdiyi fikirləri də əlavə etmək istərdik: "Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq. Görüş zamanı biz həmçinin ticarət və iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri kimi qalır və həmçinin iqtisadi münasibətlərin artırılan sərmayələr sayəsində daha da dərinləşəcəyini gözləyirik. Biz yüksək səviyyədə dialoqu davam etdirməyə və müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğumuzu ifadə etdik. Əminəm ki, strateji tərəfdaşlığımız xalqlarımız və ölkələrimizin rifahı naminə uğurla inkişaf etməkdə davam edəcək".

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr