AZ

Qızıl axtarışına çıxan “xəzinə ovçuları” yağışın “toruna düşdülər” Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Laosda qızıl axtarışına çıxan “xəzinə ovçuları” mağarada qalıb.

“Qafqazinfo” xəbər verir ki, onların xilas edilməsi üçün əməliyyat davam edir.

Güclü yağışların yaratdığı daşqın səbəbindən mağarada köməksiz qalan şəxslərə çatmaq isə getdikcə çətinləşir.

Hadisə Laosun Xaisomboun əyalətinin Lonq Çaenq bölgəsində baş verib. Səkkiz nəfərlik qrup qızıl axtarmaq məqsədilə mağaraya daxil olub. Lakin qəfil başlayan güclü yağış nəticəsində mağarada su səviyyəsi sürətlə yüksəlib. Qrup üzvlərindən biri çətinliklə üzərək mağaradan çıxa bilsə də, digər yeddi nəfər içəridə qalıb.

Rəsmilər mağarada qalan şəxslərin vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat verməyiblər. Bildirilir ki, bölgədə fasilələrlə davam edən yağışlar və mürəkkəb relyef axtarış-xilasetmə işlərini ciddi şəkildə çətinləşdirir.

Əməliyyata Laosla yanaşı, qonşu ölkələrdən də mütəxəssislər cəlb olunub. Taylanddan göndərilən 24 nəfərlik mağara dalğıcı qrupu da xilasetmə işlərinə qoşulub. Qrupun tərkibində 2018-ci ildə dünya gündəminə çevrilən “Tham Luang” mağara əməliyyatında iştirak etmiş dalğıcların olduğu bildirilir.

Dalğıclar mağaranın bəzi hissələrinin son dərəcə dar olduğunu, bəzi keçidlərin isə cəmi 50 santimetr enində olduğunu açıqlayıblar. Palçıq və su ilə dolu tunellərdə hərəkət etməyin olduqca təhlükəli olduğu vurğulanıb.

Xilasetmə əməliyyatında güclü su nasosları, generatorlar, hava dəstək sistemləri və həyat aşkarlama cihazlarından istifadə edilir. Hakimiyyət orqanları isə yağışlı mövsümdə bölgədəki mağaralara daxil olunmaması ilə bağlı xəbərdarlıqlarını yenidən xatırladıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
qafqazinfo.az

1Mənbələr