Bakıda yeni binalar tikilsə də, köhnə binalara maraq olduqca böyükdür. Vətəndaşlar köhnə tikililərin daha dayanıqlı olduğunu düşünərək buradan mənzil almağa üstünlük verirlər.
Bəs insanlar yeni binalardakı mənzillərə nə üçün etibar etmirlər?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, ölkədə daha çox mənzil fondu, xüsusilə köhnə və yeni tikili çoxmənzilli binalar paytaxt Bakı şəhərindədir. Onun sözlərinə görə, təkcə Bakı şəhərində 11 min istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binası var və insanlar bu binalara güvənsələr də, böyük əksəriyyətinin artıq istismar müddəti bitib: “Əksər insanlar 2000-ci ilin zəlzələsi ilə müqayisə edirlər ki, həmin zəlzələyə köhnə binalar davamlı oldu. Lakin nəzərə almaq lazımdır ki, artıq o gündən 26 il ötüb. Onsuzda o dövrdə də istismar müddəti bitmişdi. 26 il ərzində həmin o keyfiyyət daha da aşılanıb. Azərbaycanda yeni çoxmənzilli yaşayış binaları tikiləndə hər hansısa bir sənədləşmə ilə bağlı yubanmalar baş verə bilər. Ancaq bizim yeni binaların keyfiyyəti, hətta qonşu ölkələrdə tikilən binalardan daha üstündür. Ötən illərdə Türkiyədə baş verən zəlzələyə nəzər yetirsək görərik ki, 10 minlərlə insan həyatını itirdi, şəhər məhv oldu. Buna yanlız zəlzələ səbəb olmadı, əsas səbəb orada tikilən binaların keyfiyyətsiz olması idi. Bir şəhərdə onlarla binalar uçdu, keyfiyyətli tikilənlər qaldı…”
E.Fərzəliyev qeyd edib ki, Azərbaycanda tikintilərə nəzarət xüsusən də Fövqaladə Hallar Nazirliyi tərəfindən aparılır: “İşçi layihəsində binanın bünövrəsi, işlənilən beton markası, armatur sayı, sütunların eni - hər biri standarta uyğun olmalıdır. Hər mərhələdə müxtəlif qurumlar tərəfindən yoxlanmalar aparılır. Əgər tikinti layihəsi standarta uyğun deyilsə, dərhal dayandırılır və sökülür. Bizdə binalar arasında məsafə yaxın, sənədləşmə gec ola bilər, ancaq yeni binalarda olan keyfiyyət köhnə binalardan dəfələrlə çoxdur. Yeni binaların zəlzələyə dözümlülüyü birmənalı şəkildə çox yüksəkdir. Çünki bu binaların hər biri beton karkasdan tikilir, bünövrəsi ağacın kökü şəklində yerin lap dərinliyinə kimi qazılıb salınır. Amma köhnə binalara baxsaq onların böyük əksəriyyəti zirzəmiləri artıq qazılıb qeyri-yaşayış obyektləri olub, bəzilərini su basıb. Köhnə binaların bünövrəsi belə artıq yerin üzərində qalır. Hər bir vətəndaşın öz seçimi var. Bunu deməklə köhnə binaları pisləmək istəmirəm. Köhnə binalar da yaxşıdır, amma keyfiyyətə görə müqayisə etsək, yenilərlə müqayisə olunmayacaq dərəcədədir”.
Şəhanə Quliyeva