AZ

Azərbaycanın orta gücə çevrilməsi geosiyasi reallıqdır

Müasir beynəlxalq münasibətlər sistemi fundamental və sürətli transformasiya dövrünü yaşayır. Qlobal güc balansının dəyişməsi, multimodal rəqabətin kəskinləşməsi və ənənəvi beynəlxalq təhlükəsizlik institutlarının effektivliyinin azalması yeni geosiyasi reallıq formalaşdırıb. Belə bir şəraitdə beynəlxalq münasibətlər nəzəriyyəsində "orta güc" (middle power) anlayışı xüsusi aktuallıq qazanır. 

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, müasir dünya nizamı artıq yalnız supergüclərin diktəsi ilə idarə olunmur. Belə ki, regional və orta güclər qlobal gündəliyin formalaşmasında, böhranların idarə edilməsində və yeni logistika-enerji arxitekturasının qurulmasında getdikcə daha fəal rol oynayırlar. Məhz bu kontekstdə Azərbaycanın son illərdə keçdiyi dinamik inkişaf yolu və xarici siyasətinin təkamülü xüsusi diqqət doğurur.

Deputat bildirib ki, bu gün Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm geosiyasi və geoiqtisadi aktorlarından birinə çevrilib: "Ən vacib məqam isə ondan ibarətdir ki, Azərbaycanın yüksələn statusu artıq yalnız rəsmi Bakının daxili siyasi qiymətləndirməsi deyil, dünya ölkələri, aparıcı analitik mərkəzlər və qlobal güclər tərəfindən qəbul edilən obyektiv reallıqdır. Azərbaycanın orta güc statusuna keçidi təsadüfi bir proses deyil, onilliklər ərzində ardıcıl şəkildə həyata keçirilən xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Bu transformasiyanın fundamental sütununu "strateji muxtariyyət" (strategic autonomy) təşkil edir. Rəsmi Bakı heç bir qlobal geosiyasi blokun birtərəfli təsir dairəsinə düşmədən, milli maraqlara əsaslanan balanslaşdırılmış və çoxşaxəli siyasət yürüdür. Qoşulmama Hərəkatına uğurlu sədrlik dövrü (2019-2023) Bakının qlobal idarəetmədə institusional gücünü və diplomatik manevr imkanlarını nümayiş etdirdi. Bu strateji xətt Azərbaycana Qərb ölkələri ilə praqmatik tərəfdaşlığı qorumaq, Türk Dövlətləri Təşkilatının (TDT) əsas hərəkətverici qüvvələrindən birinə çevrilmək, Mərkəzi Asiya regionu ilə strateji inteqrasiyanı dərinləşdirmək və Qlobal Cənub ölkələri ilə effektiv dialoq platformaları qurmaq imkanı verib". 

Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpa edilməsi Azərbaycanın beynəlxalq statusunu keyfiyyətcə yeni mərhələyə daşıyıb. Azərbaycan beynəlxalq münasibətlərdə yalnız hərbi-siyasi qələbə qazanan tərəf deyil, həm də postmünaqişə mərhələsinin əsas siyasi memarı kimi çıxış edib. İndi Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik gündəliyi kənardan diktə olunmur, məhz Bakının irəli sürdüyü 5 fundamental prinsip əsasında formalaşır. Brüssel, Vaşinqton, Moskva və digər platformalarda aparılan mürəkkəb diplomatik proseslər göstərdi ki, regionda Azərbaycanın iştirakı və razılığı olmadan hər hansı təhlükəsizlik formatının və ya iqtisadi layihənin reallaşması qeyri-mümkündür. Bu, ölkənin artıq təhlükəsizlik "istehlakçısı" (consumer) deyil, regional sabitliyin təminatçısı və təhlükəsizlik "istehsalçısı" (provider) olduğunun bariz göstəricisidir.

"Orta güc" anlayışının mühüm meyarlarından birinin də qlobal iqtisadiyyatda və logistikada əhəmiyyətli rol oynamaq olduğunu diqqətə çatdıran S.Fətəliyeva qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi arxitekturasında Azərbaycanın rolu yüksəlib: "Xüsusilə, Ukrayna böhranından sonra Avropa İttifaqının Azərbaycana münasibətində praqmatik və strateji yanaşması kəskin şəkildə güclənib. "Cənub qaz dəhlizi" və "yaşıl enerji" layihələri Bakını Avropanın strateji tərəfdaşına çevirib. Digər tərəfdən, qlobal tədarük zəncirlərinin qırıldığı bir dövrdə Azərbaycanın Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsindəki mərkəzi mövqeyi ölkəmizi Şərqlə Qərb, Çinlə Avropa arasında əvəzedilməz bağlantı qovşağına çevirib. Çin, Mərkəzi Asiya dövlətləri və Avropa İttifaqı ölkələrinin bu marşruta artan marağı rəsmi Bakının geoiqtisadi çəkisini və "orta güc" iddialarını qlobal səviyyədə legitimləşdirir".

Deputat vurğulayıb ki, Azərbaycanın beynəlxalq nüfuzunun və orta güc statusunun dünya birliyi tərəfindən qəbul edilməsinin ən bariz institusional təsdiqi ölkənin irimiqyaslı qlobal tədbirlərə evsahibliyi etmək imkanıdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) Bakıda yüksək səviyyədə təşkili və Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi kimi qərarlar təsadüfi deyil. Bu addımlar göstərir ki, dünya birliyi Azərbaycanı yalnız lokal maraqları olan deyil, bəşəriyyəti narahat edən qlobal problemlərin həllində məsuliyyətli, vasitəçi və təşəbbüskar aktor kimi qəbul edir. Bu, beynəlxalq münasibətlərdə orta güclərə xas olan "niş diplomatiyası"nın uğurlu tətbiqidir.

S.Fətəliyeva qeyd edib ki, Azərbaycanın orta gücə çevrilməsi sadəcə bəyanat deyil, real siyasi, hərbi və iqtisadi faktorlara əsaslanan geosiyasi reallıqdır: "Bu qanunauyğunluq daxili siyasi ritorika hüdudlarını çoxdan aşaraq, qlobal güc mərkəzlərinin regionla bağlı strateji hesablamalarında əsas amilə çevrilib. Bu gün Vaşinqtondan Pekinə, Brüsseldən Moskvaya qədər aparıcı güc mərkəzləri Azərbaycanla münasibətlərə regional miqyasdan deyil, daha geniş, Avrasiya təhlükəsizliyi müstəvisindən yanaşırlar. Lakin orta güc statusu həm də böyük məsuliyyətdir. Regional sabitliyin qorunması, müxtəlif güc mərkəzləri arasında balansın saxlanılması və yeni regional əməkdaşlıq platformalarının təşəbbüskarı olmaq Bakıdan daimi diplomatik çeviklik və strateji təmkin tələb edir. Azərbaycan müasir xarici siyasət kursu ilə bu məsuliyyəti daşımağa hazır olduğunu və yeni beynəlxalq nizamın formalaşmasında aktiv iştirakçı statusunu artıq tam təsdiqlədiyini nümayiş etdirir".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
36
azerbaijan-news.az

1Mənbələr