AZ

Parlamentin yaz sessiyası başa çatdı

Mayın 26-da Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, ötən bir neçə gün ərzində Azərbaycan yenidən beynəlxalq birliyin diqqət mərkəzində oldu. Bakı şəhəri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına evsahibliyi etdi. Bu cür mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin yeni uğuru oldu. 

Sessiyada dünya ölkələrindən rekord sayda - altmış minə qədər nümayəndənin iştirak etməsi etibarlı tərəfdaş və qlobal dialoq məkanı kimi Azərbaycanın nə qədər böyük etimad qazandığını bir daha nümayiş etdirdi. 

Spiker diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyev forumun açılışında etdiyi çıxışda Bakıda və ölkəmizin digər bölgələrində müasir şəhərsalma sahəsində həyata keçirilən layihələrdən danışdı. Cənab Prezident xüsusi qeyd etdi ki, Azərbaycanda şəhərsalma ənənələri dərin tarixi köklərə malikdir. Əsrlər boyu ölkəmizdə zəngin şəhər mədəniyyəti formalaşıb, nadir memarlıq abidələri yaradılıb. Bu gün Azərbaycan tarixi irsini qorumaqla yanaşı,  həm də dayanıqlı inkişafın müasir standartlarını və şəhərsalmada qabaqcıl yanaşmaları  tətbiq edir.  

Bu baxımdan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri müstəsna əhəmiyyətə malikdir. Qarabağda və Şərqi Zəngəzurda, sadəcə, yeni yaşayış məntəqələri deyil, həm də müasir yaşayış mühiti yaradılır. 

Milli Məclisin Sədri deyib ki, əlamətdar haldır ki, 2026-cı il ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunub. Ümumdünya Şəhərsalma Forumunun məhz belə bir dövrdə keçirilməsi onu göstərir ki, şəhərsalma, memarlıq və dayanıqlı inkişaf məsələləri Azərbaycanın təkcə daxili gündəliyində deyil, həm də beynəlxalq fəaliyyətində mühüm yer tutur. 

Spiker çıxışında forumun işində Milli Məclisin deputatlarının iştirakını xüsusi qeyd edərək bildirib ki, onlar panel sessiyalarında fəal iştirak etmiş, müzakirələrdə maraqlı çıxışlar etmişlər. O, diqqətə çatdırıb ki, dayanıqlı inkişafın parlament ölçüsü getdikcə daha böyük əhəmiyyət kəsb edir. Qanunvericilik orqanları müasir şəhərsalma, ekoloji təhlükəsizlik, ərazilərin səmərəli idarə olunması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi üçün hüquqi əsasların yaradılmasında önəmli rol oynayırlar. 

Sonra spiker deputatlara ötən iki həftəyə yaxın dövrdə başçılığı ilə parlament nümayəndə heyətlərinin iki səfəri barədə qısa məlumat verib. Bildirilib ki, mayın 14-də Özbəkistanın Buxara şəhərinə  işgüzar səfərdə məqsəd İkinci Asiya Qadınlar Forumunda iştirak etmək idi. Spiker deyib ki, forumda etdiyi çıxışda Azərbaycan qadınlarının ölkə həyatında fəal roluna dair tədbir iştirakçılarına məlumat verib. 

Spiker deyib ki, forumdakı çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş ictimai və siyasi fəaliyyəti Azərbaycan qadınlarının cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi mühüm töhfəni əks etdirir. Mehriban xanım Əliyevanın fəaliyyəti qadınların ictimai həyatda artan rolunu aydın şəkildə nümayiş etdirir və dövlət idarəçiliyinin ən yüksək səviyyəsində qadın liderliyinin güclü nümunəsi kimi çıxış edir.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, forumun panellərində nümayəndə heyətimizin üzvləri fəal iştirak ediblər. 

Spiker qeyd edib ki, səfər çərçivəsində Özbəkistan və Türkmənistan parlamentlərinin sədrləri, habelə Birləşmiş Ərəb Əmirlikləri parlamenti sədrinin müavini ilə ikitərəfli görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra spiker Sahibə Qafarova başçılığı ilə nümayəndə heyətinin mayın 20-dən 22-dək Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə məlumat verib. O deyib ki, səfərdə məqsəd MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura iclasında və altmışıncı plenar iclasında iştirak etmək idi. 

Spiker bildirib ki, həm Şura iclasında, həm də plenar iclasda çıxış edib. Milli Məclisin Sədri Şura iclasında müzakirə edilən məsələlər barəsində Azərbaycan parlamentinin mövqeyini iştirakçılara çatdırıb. Milli Məclisin Sədri plenar iclasda etdiyi çıxışda ölkələrimizin qanunvericilik orqanları arasında dialoq və əməkdaşlığın inkişafında assambleyanın rolu haqqında fikirlərini bölüşüb. 

Assambleyanın iclası çərçivəsində Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərova "Parlament  əməkdaşlığının möhkəmləndirilməsinə görə" medalı təqdim olunub.  

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Rusiyaya işgüzar səfər çərçivəsində Qırğızıstan və Belarus parlamentlərinin sədrləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə dövlətlərimiz arasında yüksəksəviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi vurğulanıb. Parlamentlər arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib. 

Çıxışına yekun vuran spiker Sahibə Qafarova bildirib ki, Özbəkistana və Rusiyaya işgüzar səfərlər uğurlu olub. O, bununla əlaqədar hər iki nümayəndə heyətinin üzvlərinə  təşəkkürünü bildirib. 

Sonra spiker Sahibə Qafarova iclasda 13 məsələnin müzakirə ediləcəyini, gündəliyin birinci məsələsinin Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatının olduğunu deyib. 

İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu komitənin 2025-ci ildə fəaliyyəti haqqında məlumatı slaydlar vasitəsilə təqdim edib. Bildirib ki, 2025-ci il Azərbaycanda sosial inkişafın dayanıqlığının gücləndiyi, dövlət siyasətinin daha çox insan kapitalı, ailə institutu və gender bərabərliyi üzrə inteqrasiya olunmuş modelə keçdiyi mühüm bir dövr kimi xarakterizə olunur. 

Komitə sədri ötən il Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş, "Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı"nın bu sahədə yeni mərhələ açdığını vurğulayıb. Qeyd edib ki, hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilmiş, institusional mexanizmlər  daha sistemli xarakter almış, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçmişdir. Dünya Bankının "Women, Business and the Law" hesabatında Azərbaycanın göstəricisinin 78,8-dən 85-ə yüksəlməsi həyata keçirilən islahatların beynəlxalq miqyasda da tanındığını təsdiqləyir.

Bildirilib ki, gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika  dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlərin səmərəli olduğunu nümayiş etdirir. Müraciətlərin azalması, mühafizə orderlərinin artması, erkən müdaxilə mexanizmlərinin genişlənməsi tendensiyaları bunun bariz nümunəsidir. Bu istiqamətdə həmçinin təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin mühüm rol oynadığı söylənilib. 

İnsan kapitalının inkişafı ilə bağlı qeyd edilib ki, əmək bazarında müşahidə olunan dəyişikliklər qadınların iqtisadi fəallığının davamlı şəkildə artdığını göstərir. Belə ki, orta əməkhaqqında artım tempi, peşə hazırlığında qadınların üstünlük təşkil etməsi, özünüməşğulluq proqramlarında iştirakın genişlənməsi müsbət hal kimi qiymətləndirilir. Hazırda ali təhsildə qadınların üstünlüyünün, magistratura səviyyəsində balanslaşmanın, peşə təhsilində diversifikasiyanın müşahidə olunduğu bildirilib.

İqtisadi iştirak səviyyəsi və institusional mühitin sağlamlaşdırılması baxımından sahibkarlıq və iqtisadi aktivlik sahəsində qadınların payının artdığı, onların kənd təsərrüfatında  iştirakının genişləndiyi, özünüməşğulluq proqramlarının sosial inklüzivliyinin gücləndirildiyi  vurğulanıb. 

Məlumata əsasən, yerli idarəetmə, QHT və media mühitinin təhlili göstərir ki, 2025-ci ildə bələdiyyələrdə qadınların təmsilçiliyi 39 faizə yaxınlaşıb, QHT sektoruna rəhbərlikdə sayı artıb, həmkarlar ittifaqlarında aktivliyi yüksəlib. Media və rəqəmsal platformalarda gender məsələlərinin daha açıq və ictimai müzakirəsinə şərait yaradılıb.

Bahar Muradova eyni zamanda ölkəmizin evsahibliyi etdiyi və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına diqqət çəkərək, bu tədbir çərçivəsində keçirilən sessiyalarda ailə institutunun möhkəmləndirilməsi, qadınların və uşaqların təhlükəsiz, əlçatan və inklüziv şəhər mühitində yaşamaq hüququnun təminatı, sosial xidmətlərə bərabər çıxış imkanları, dayanıqlı icmaların formalaşdırılmasında gender yanaşmasının əhəmiyyətinin vurğulandığını bildirib. Forumun yekun sənədində əksini tapan prioritetlərin gender bərabərliyi məsələlərinin qlobal inkişaf gündəliyində vacib yer tutduğunu və bu istiqamətdə milli səviyyədə həyata keçirilən siyasətin beynəlxalq çağırışlarla uzlaşdığını söyləyib.

Sonra parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb. Komitə sədri Azərbaycanda dövlət qadın siyasətinin, gender bərabərliyinin təmin edilməsinin hər zaman prioritet məsələlərdən olduğunu qeyd edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin  rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür. Qeyd edilib ki, parlamentin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin iştirakı ilə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunun icrası ilə bağlı davamlı  iclaslar, görüşlər keçirilir, müzakirələr aparılır.

Hicran Hüseynova təqdim edilən illik məlumatı yüksək qiymətləndirirək, sənədin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul şəxslərinin iştirakı ilə parlamentin komitə iclasında geniş müzakirə olunduğunu və baxılması üçün Milli Məclisin müzakirəsinə tövsiyə edildiyini bildirib.

Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Rizvan Nəbiyev, Məlahət İbrahimqızı, Ceyhun Məmmədov, Əli Məsimli, Elnarə Akimova, Azay Quliyev, Azər Allahverənov, Aydın Mirzəzadə, Tənzilə Rüstəmxanlı çıxış edərək, təqdim edilən sənəddə ölkəmizdə gender bərabərliyinin təmin edilməsi sahəsində görülmüş işlər barədə geniş, əhatəli məlumatların verildiyini söyləyiblər, dövlət komitəsi tərəfindən həyata keçirilən layihələri müsbət dəyərləndiriblər. 

Millət vəkilləri bəzi qeyd və təkliflərini də səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qaldırılan məsələlərə münasibət bildirib.

Müzakirələrin yekununda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı nəzərə alınıb.

Sonra Milli Məclisin Sədri bildirib ki, gündəliyin növbəti 6 məsələsi Azərbaycan Prezidentinin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlıdır. 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi, N.T.Əliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, B.M.Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələlər barədə məlumat verib.

Nizami Səfərov bildirib ki, dövlət başçısının müvafiq təqdimatlarına əsasən, 16 hakim barəsində məsələlərin müzakirəsi nəzərdə tutulub. Belə ki, hakim korpusunu təmsil edən 2 nəfərin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, 7 nəfərin Bakı Apellyasiya Məhkəməsinin hakimləri, 1 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, 2 nəfərin Şəki Apellyasiya Məhkəməsinin hakimləri, 2 nəfərin Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi, 1 nəfərin Bakı Apellyasiya Məhkəməsinin hakimi,  1 nəfərin Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif olunur.

İclasda təqdim olunan 6 məsələ üzrə Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib (Milli Məclisin qərarları qəzetin bugünkü nömrəsində dərc olunub).

İclasda Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Daha sonra "Diplomatik xidmət haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

Gündəliyin sonuncu məsələsi olan  İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirilib ki, qanun layihəsi yeni qəbul edilən normativ-hüquqi aktlarda qadağan olunmuş əməllərə görə inzibati məsuliyyətin müəyyən edilməsi məqsədilə hazırlanıb. Belə ki, sənəddə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə tibbi rəy olmadan işə qəbul edilməsinə və (və ya) əmək münasibətlərinə davam etdirilməsinə görə, eyni zamanda barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə, həmçinin maliyyə icarəsi fəaliyyətinə dair hesabatların təqdim edilməməsinə görə, habelə ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsinə görə inzibati məsuliyyət müəyyən olunur.

Bu qanun layihəsi də səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin Sədri yaz sessiyasının yekunları barədə məlumat verərək deyib ki, sessiya ərzində parlamentin on beş iclası keçirilib, əlli yeddi qanun və on doqquz qərar qəbul edilib. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib.  

Yaz sessiyasında görülmüş işlər haqqında danışarkən spiker həmişə olduğu kimi, parlamentlə hökumət arasında konstruktiv iş birliyini xüsusi vurğulayıb. O qeyd edib ki, yaz sessiyasında müxtəlif hökumət qurumlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunub, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilib. 

Spiker bildirib ki, sessiya dövründə Milli Məclisdə bir konfrans keçirilib. Regional məsələlər komitəsinin təşkil etdiyi həmin tədbirdə "Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi" mövzusu ilə bağlı fikir mübadiləsi aparılıb. 

Sessiya dövründə böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ictimai dinləmələr keçirilməsi  praktikası davam etdirilib və dörd bu cür tədbir təşkil olunub. 

Spiker çıxışında deyib ki, sessiya dövründə Milli Məclis bəzi xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyinə qarşı yönələn hərəkətlərə kəskin münasibətini bildirib. Parlamentin səlahiyyət dairəsinə daxil olan bir sıra təyinat məsələləri də həll edilib. Diqqətə çatdırılıb ki, yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun, Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları  da dinlənilib.   

Spiker bildirib ki, Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində  də lazımi tədbirlər  həyata keçirilib və sessiya ərzində parlamentdə on minə qədər vətəndaş müraciətinə baxılıb. 

Parlamentin Sədri nəzərə çatdırıb ki, yaz sessiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər həyata keçirilib. Yəni ötən dörd ayda Milli Məclisin əlli səkkiz deputatı iyirmi doqquz ölkəyə yüz on səfər həyata keçirib. Deputatlarımız doqquz beynəlxalq təşkilatın tədbirlərində iştirak və çıxış ediblər. 

Millət vəkillərimiz Qazaxıstanda keçirilən referendumu və Macarıstanda keçirilən parlament seçkilərini də müşahidə ediblər. 

Otuz doqquz ölkənin və səkkiz beynəlxalq təşkilatın qırx səkkiz nümayəndə heyəti, ümumən üç yüz iyirmi yeddi nəfər xarici qonaq Milli Məclisdə olub. 

Spiker bildirib ki, yanvar ayından bəri Milli Məclis Sədrinin iki ölkəyə rəsmi və səkkiz ölkəyə işgüzar səfərləri olub. Milli Məclisdə isə Sədr bir ölkənin dövlət başçısı, bir ölkənin baş naziri, dörd  ölkənin parlament sədrləri, iki beynəlxalq təşkilatın rəhbərləri, üç ölkənin hökumət nümayəndələri, dörd dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib. Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilib. 

Hesabat dövründə Milli Məclis dörd beynəlxalq tədbir təşkil edib. Onların üçü Bakıda keçirilib. Belə ki, fevralın 24-də Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası, aprelin 7-də TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının on üçüncü iclası, aprelin 9-da Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin dostluq qruplarının üçüncü iclası keçirilib. 

Dördüncü tədbir isə - aprelin 15-də Türkiyə Respublikasının İstanbul şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin beşinci konfransı Milli Məclisin təşkilatçılığı ilə keçirilib.   

Toplantıda otuz dörd ölkədən və doqquz beynəlxalq təşkilatdan qırx üç nümayəndə heyəti, ümumən iki yüz beş nümayəndə iştirak edib. 

Milli Məclisin Sədri xatırladıb ki, konfransda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin institusional inkişafı yolunda mühüm addım atılıb. Şəbəkənin mənzil-qərargahının yaradılması və onun Bakı şəhərində yerləşdirilməsi qərara alınıb. 

Spiker onu da qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə hazırda Milli Məclis sədrlik edir. Milli Məclisin sədrlik etdiyi digər təşkilat isə İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır. 

Eyni zamanda bu il Milli Məclis İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının 20-ci konfransının sədridir. İyun ayında əlli dörd üzvü olan bu təşkilatın konfransı Bakıda keçiriləcək.

Spiker onu da deyib ki, Azərbaycan Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib. Bununla əlaqədar mayın 7-də assambleyanın üzvü və tərəfdaşı olan parlamentlərin sədrlərinin Monteneqroda keçirilən birinci sammiti çərçivəsində mərasim də təşkil olunub.  

Milli Məclisin Sədri bildirib ki, yaz sessiyası dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında, Milli Məclis ilə Bəhreyn Krallığının Nümayəndələr Şurası, Mərakeş Krallığının Müşavirlər Palatası, Slovakiya Respublikasının Milli Şurası arasında Anlaşma memorandumları da imzalanıb. 

Sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, mayın 27-də xalqımız islam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramını, mayın 28-də isə Müstəqillik Gününü qeyd edəcək.Yüz səkkiz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın zəngin dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi idi. Demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar təkcə ölkəmizin deyil, bütün müsəlman Şərqinin siyasi təkamülündə mühüm rol oynadı.

Bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərirdi.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələrdən bəhrələnərək 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Təəssüf ki, ovaxtkı ölkə rəhbərliyinin qeyri-peşəkarlığı nəticəsində Azərbaycan çıxılmaz problemlər məngənəsinə düşmüşdü. Müstəqil dövlətçiliyin itirilməsi təhlükəsi tam real idi.Məhz belə bir şəraitdə, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ali dövlət hakimiyyətinə qayıtdı. Onun misilsiz idarəçilik məharəti, əzmkarlığı və yorulmaz səyləri nəticəsində dövlətin qarşısında dayanan ağır problemlər həll edildi. Azərbaycan sistemli böhrandan çıxıb ardıcıl inkişaf yoluna qədəm qoydu. 

Spiker vurğulayıb ki, Ümummilli Liderimizin inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Onun həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli dövlətə çevirib.  

Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında əldə edilən möhtəşəm qələbələr nəticəsində erməni işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açılıb, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsi dəyişib. 

Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən ölkələri sırasında yerini daha da möhkəmləndirəcəkdir.      

Milli Məclisin Sədri Qurban bayramı və  Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanmasını təklif edib. Spikerin təklifi alqışlarla qarşılanıb. 

Çıxışına yekun vuran spiker Sahibə Qafarova Qurban bayramı və Müstəqillik Günü münasibətilə deputatlara və parlamentin fəaliyyətini işıqlandıran media nümayəndələrinə də təbriklərini çatdırıb. O, Milli Məclisin yaz sessiyasının uğurla başa çatması ilə əlaqədar səmərəli iş üçün deputatlara təşəkkür edib və parlamentin yaz sessiyasını bağlı elan edib.

İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

"Azərbaycan"

Seçilən
5
4
azerbaijan-news.az

5Mənbələr