AZ

Qallium savaşı – Çinin ABŞ-yə qarşı texnoloji blokadası nə ilə bitəcək?

ABŞ-ın Qətərdəki Əl-Udeid aviabazasında yerləşən və erkən xəbərdarlıq sistemlərinin əsas dayaqlarından sayılan AN/FPS-132 tipli üfüqarxası radar ətrafında baş verən hadisə, sadəcə bir hərbi obyektin sıradan çıxması deyil, daha geniş bir sistem böhranının simvoluna çevrilib.

Milyardlarla dollar dəyərində olan bu infrastrukturun itirilməsi Vaşinqtonun qlobal kəşfiyyat və raketdən müdafiə şəbəkəsində ciddi boşluq yaradarkən, diqqətlər getdikcə daha strateji bir nöqtəyə — müasir hərbi sənayenin görünməyən ürəyi sayılan nadir metallar zəncirinə yönəlir.

Xüsusilə qallium və germanium üzərində formalaşan qlobal asılılıq, ABŞ-ın texnoloji üstünlüyünü təmin edən sistemlərin artıq təkcə laboratoriyalarda deyil, geosiyasi bazarlarda da həssas hala gəldiyini göstərir. Vaşinqton–Pekin qarşıdurması fonunda bu böhran, təkcə bir radarın yox, bütöv bir strateji doktrinanın sual altına düşdüyü yeni mərhələnin başlanğıcı kimi oxunur. Tikintisi təxminən 6-7 il çəkən və 2013-cü ildə tamamlanan, dəyəri 1,1 milyard dollardan baha olan bu strateji obyekt 5000 kilometr məsafədən ballistik raketlərin buraxılışını vaxtında təyin etmək qabiliyyətinə malik idi.

Bu itkinin hərbi analitiklər tərəfindən "fəlakət" kimi qiymətləndirilməsinin səbəbi təkcə milyardlarla dollarlıq maliyyə itkisi və ya kəşfiyyat zəifliyi deyil. Əsl böhran bu radarın müasir mikroelektronikanın və hərbi sənayenin ürəyi hesab olunan Qallium (Ga) metalı üzərindən işləməsidir. Pentaqon məhv edilmiş radiolokasiya sistemlərini yeniləmək və ya regional təhlükəsizlik layihələri, məsələn, "Qızıl Qübbə" və THAAD sistemləri üçün yeni radarlar tikmək istəsə də, acı bir reallıqla üz-üzədir. Bu gün ABŞ-ın əlində kifayət qədər qallium ehtiyatı yoxdur və qlobal tədarük zəncirinin açarları Vaşinqtonun ən böyük rəqibi olan Pekinin əlindədir. Müasir hərbi doktrinalarda üstünlük polad və ya barıtla deyil, yarımkeçiricilər və sensor texnologiyaları ilə ölçülür. AN/FPS-132 kimi nəhəng üfüqarxası radarların, beşinci nəsil qırıcıların və idarəolunan raketlərin istehsalında qallium əvəzolunmaz elementdir. Lakin bu strateji resursun coğrafi paylanması Vaşinqton üçün geosiyasi bir tələyə çevrilib. Dünyada məlum qallium ehtiyatlarının 70 faizə yaxını Çində yerləşir, qlobal təmizlənmiş qallium istehsalının isə faktiki olaraq 99 faizinə məhz Pekin nəzarət edir. Ağ Evin Çinə qarşı qabaqcıl çip və yarımkeçirici texnologiyalarının ixracına embarqo qoymasından sonra Pekin amansız bir cavab strategiyası seçdi. Hələ 2024-cü ilin dekabrında Çin Ticarət Nazirliyi ABŞ-a qallium (Ga), germanium (Ge) və sürmə (Sb) kimi kritik materialların birbaşa ixracını qadağan etdi. ABŞ-ın hərbi sənaye kompleksi bu boşluğu doldurmaq üçün qalliumu üçüncü ölkələr vasitəsilə 3-5 qat baha qiymətə rəsmiləşdirməyə çalışsa da, Çinin strateji gedişləri bununla bitmədi. ABŞ-ın Tayvana yeni silah satışı müqavilələrini elan etməsindən sonra, Çin 2025-ci ilin oktyabrında nadir metalların ixrac qaydalarını radikal şəkildə sərtləşdirdi. Yeni lisenziyalaşdırma qaydalarına əsasən, tərkibində hətta minimum miqdarda (0,1%) Çin mənşəli nadir metal olan və ya Çin texnologiyası tətbiq edilməklə xarici ölkələrdə emal edilən hər hansı bir məhsulun təkrar ixracı üçün Pekindən birbaşa icazə alınması məcburidir. Bu hüquqi və iqtisadi mexanizm ABŞ-ın müttəfiqləri vasitəsilə Çin qalliumunu və qabaqcıl elementlərini 100 dəfə baha qiymətə də olsa almasının qarşısını tamamilə kəsdi.

Ağ Evin ehtiyatları sürətlə tükənir və hərbi sənayenin aparıcı şirkətləri istehsal xətlərini saxlamaq təhlükəsi ilə üz-üzədir. Vaşinqton bu böhranı diplomatik masada həll etmək üçün son aylarda misilsiz səylər göstərib. ABŞ Maliyyə Naziri Skott Bessent çinli həmkarı Van İ ilə bir neçə dəfə gizli və rəsmi görüşlər keçirsə də, Pekin kompromisə getmədi. Problemin ciddiliyini anlayan Prezident Donald Tramp şəxsən dövrəyə girdi. O, ötən ilin oktyabrın 30-da Cənubi Koreyanın Pusan şəhərində keçirilən APEC sammiti çərçivəsində Çin lideri Si Cinpinlə təkbətək görüşərək iqtisadi tariflər və nadir metallar mövzusunu müzakirə etdi. Pusan sammitində müəyyən ticarət güzəştləri əldə olunsa da, hərbi təyinatlı qallium embarqosu qüvvədə qaldı. Nəhayət, bu ilin 13-15 may tarixlərində Trampın Çinə reallaşan rəsmi dövlət səfəri də gözlənilən böyük sıçrayışı təmin edə bilmədi. Pekində Si Cinpinlə keçirilən gərgin danışıqlardan sonra Ağ Ev bəzi mülki ticarət müqavilələrini elan etsə də, Çin tərəfi hərbi-strateji əhəmiyyət kəsb edən nadir metallar və qallium ixracı məsələsində ABŞ üçün heç bir istisna etməyəcəyini nümayiş etdirdi. Pekin öz radar sistemlərinin və kosmik proqramlarının inkişafı üçün bu resursları ölkə daxilində saxlamağa üstünlük verir.

Qallium böhranı bir metalın çatışmazlığı deyil, ABŞ-ın qlobal hegemonluğunun texnoloji əsaslarının sarsılması deməkdir. Çinin nadir metallar üzrə hazırkı ixrac siyasəti dəyişməyəcəyi təqdirdə Pekinin mövcud geosiyasi şərtlərdə geri addım atması gözlənilmir. Texnoloji və sensor üstünlüyünü itirmək təhlükəsi ilə üzləşən ABŞ, yaranan bu strateji boşluğu kompensasiya etmək üçün regional münaqişələrdə və beynəlxalq münasibətlərdə daha asimmetrik və aqressiv üsullara əl ata bilər. Çünki kəşfiyyat gözləri kor olan bir supergüc, təhdidləri önləmək üçün daha sərt və proqnozlaşdırıla bilməyən hərbi güc nümayişinə məhkumdur. Qallium və germanium ətrafında gedən bu səssiz müharibə, XXI əsrin qlobal güc balansını yenidən formalaşdırır.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
148
musavat.com

1Mənbələr