AZ

Azərbaycanda ENSEFALİT təhlükəsi – Təbiət qoynunda İSTİRAHƏT sevənlərin nəzərinə!

Yay mövsümünün başlanması ilə insanlar daha çox təbiətə üz tutur. Pikniklər, dağ yürüşləri, kənd səfərləri və istirahət məqsədilə meşəlik ərazilərə axın artır. Lakin isti havaların gətirdiyi təkcə istirahət deyil. Hər il bu dövrdə həkimlər və epidemioloqlar bir təhlükə barədə xəbərdarlıq edirlər - gənələr.

Son günlər sosial şəbəkələrdə “ensefalit daşıyan gənələrin sayı artıb” məzmunlu paylaşımlar geniş yayılıb. Bir çoxları bunun yalnız Avropa ölkələrinə aid problem olduğunu düşünsə də, məsələ Azərbaycana da müəyyən qədər aiddir. Ensefalitli gənə ayrıca gənə növü deyil. Bu ifadə sadəcə olaraq orqanizmində gənə mənşəli ensefalit virusu olan gənəyə aiddir.

Məsələn, eyni növdən olan iki gənədən biri virus daşıya bilər, digəri isə tamamilə sağlam ola bilər. İnsanın gözü ilə bunu ayırd etmək mümkün deyil. Əgər ensefalitli gənədən virus keçibsə, adətən bir neçə gündən bir neçə həftəyə qədər müddətdə yüksək hərarət, güclü baş ağrısı, halsızlıq, əzələ ağrıları, ürəkbulanma və işığa həssaslıq yarana bilər. Ən qorxulu fəsad isə baş beyin toxumasının zədələnməsi sayılır.

Bəs ölkəmizdə ensefalit daşıyan gənələr varmı və onlar insanlar üçün nə dərəcədə təhlükəlidir?

Azərbaycanın iqlimi və coğrafi şəraiti gənələrin yaşaması üçün kifayət qədər əlverişlidir. Xüsusilə Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərində, meşə massivlərində, otlaq sahələrində, çay kənarlarında və kolluq zonalarda müxtəlif növ gənələrə rast gəlinir. Veterinar və epidemioloji müşahidələr göstərir ki, yazın sonundan başlayaraq yay aylarında onların aktivliyi kəskin artır. İnsanlar çox vaxt gənənin dişləməsini hiss etmir. Çünki parazit dəridə ağrıkəsici təsir göstərən maddə ifraz edir. Uzun illər gənə mənşəli ensefalit əsasən Mərkəzi Avropa, Baltikyanı ölkələr və Rusiyanın bəzi bölgələri ilə əlaqələndirilirdi. Lakin son illərdə aparılan elmi araşdırmalar virusun coğrafiyasının genişləndiyini göstərir. 2024-cü ildə dərc olunmuş beynəlxalq elmi icmalda Qafqaz regionunda, o cümlədən Azərbaycanda gənə mənşəli ensefalit virusunun dövriyyədə ola biləcəyinə dair məlumatlar yer alıb. Alimlər regionun artıq bu virusun müşahidə olunduğu potensial ərazilər sırasına daxil olduğunu bildirirlər. Bu, Azərbaycanda kütləvi ensefalit epidemiyası olduğu anlamına gəlmir. Hazırda ölkədə bu xəstəlik üzrə geniş qeydə alınmış yoluxma statistikası yoxdur. Lakin mütəxəssislər hesab edirlər ki, riskin mövcudluğu epidemioloji nəzarətin gücləndirilməsini zəruri edir.

Mütəxəssislərin fikrincə, Azərbaycanda gənələrin yaratdığı ən ciddi risklərdən biri Krım-Konqo hemorragik qızdırmasıdır. Bu xəstəlik yüksək hərarət, daxili qanaxmalar və ağır fəsadlarla müşayiət oluna bilir. Virus əsasən kənd təsərrüfatı heyvanları üzərində yaşayan gənələr vasitəsilə yayılır. Azərbaycanın müxtəlif bölgələrində bu virusu daşıyan gənələrin mövcudluğu barədə elmi məlumatlar mövcuddur. Bundan başqa, gənələr laym xəstəliyi, müxtəlif bakterial infeksiyaları, rikeçiozları və digər zoonoz xəstəlikləri insanlara ötürə bilirlər. Epidemioloqlar hesab edir ki, Azərbaycanda gənə ilə qarşılaşma ehtimalı xüsusilə aşağıdakı ərazilərdə yüksəkdir: Zaqatala-Balakən meşə zonası; Quba-Xaçmaz bölgəsinin dağətəyi əraziləri; Şəki və Oğuz rayonlarının meşə massivləri; Qəbələ və İsmayıllının yaylaq əraziləri; Qarabağ və Şərqi Zəngəzurun otlaq sahələri; Talış dağları və Lənkəran-Astara bölgəsinin rütubətli meşələri.

Lakin bu, yalnız həmin rayonlarla məhdudlaşmır. Hətta Bakı ətrafındakı bəzi yaşıllıq sahələrində və şəhər parklarında da gənələrə rast gəlinə bilər. Ən böyük səhvlərdən biri gənəni yağlamaq, yandırmaq və ya güclə qoparmağa çalışmaqdır. Bu zaman parazit daha çox infeksion materialı insan orqanizminə ötürə bilər. Mütəxəssislər tövsiyə edir ki, gənə mümkün qədər tez çıxarılsın. İncə pinset vasitəsilə baş hissəsinə yaxın yerdən tutulub yavaş hərəkətlə çıxarılsın və yara yeri dezinfeksiya edilsin. Sonrakı günlərdə hərarət, halsızlıq, baş ağrısı və ya dəri səpkisi yaranarsa həkimə müraciət olunsun.

Azərbaycanda insanlar üçün əsas təhlükə hələlik Avropadakı kimi geniş yayılmış gənə ensefaliti deyil. Lakin alimlərin araşdırmaları göstərir ki, virusun Qafqaz regionunda mövcudluğu artıq elmi fakt kimi qiymətləndirilir. Bununla yanaşı, Krım-Konqo qızdırması və Laym xəstəliyi kimi infeksiyalar ölkəmiz üçün daha aktual risk olaraq qalır. Bir neçə millimetrlik gənə bəzən insanın bütün yay istirahətini, hətta sağlamlığını təhlükə altına qoya bilir. Ona görə də meşəyə, yaylağa və ya kənd təsərrüfatı sahəsinə gedərkən ehtiyat tədbirlərinə əməl etmək sadə məsləhət deyil, zəruri təhlükəsizlik qaydasıdır. Təbiət qoynunda istirahət etmək gözəldir, amma görünməyən təhlükələri unutmaq olmaz.

 

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr