AZ

Almaniya Rusiya səfirini XİN-ə çağırdı - "Boyun əyməyəcəyik..."

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfirini izahat vermək üçün nazirliyə çağırıb. Rəsmi Berlin Moskvanı Ukraynaya qarşı hücumları genişləndirməkdə, xarici diplomatları və mülki obyektləri hədəfə alan təhdidlər səsləndirməkdə ittiham edib.

Müsavat.com xəbər verir ki, bu addım Almaniya ilə Rusiya arasında son aylarda daha da sərtləşən diplomatik qarşıdurmanın növbəti mərhələsi kimi qiymətləndirilir. Almaniya XİN-in rəsmi açıqlamasında bildirilir: “Rusiya təhdidlərə, terrora və eskalasiyaya əl atır. Məhz buna görə də bu gün Rusiyanın səfirini nazirliyə çağırdıq. Biz Rusiyaya açıq şəkildə bildirdik ki, təhdidlərdən qorxmayacağıq və Ukraynaya qətiyyətli dəstəyimizi davam etdirəcəyik”.

Açıqlamada, həmçinin, xəstəxanalara, məktəblərə və Almaniya televiziya qurumlarının istifadə etdiyi obyektlərə qarşı hücumlar xüsusi vurğulanıb. Diplomatik qalmaqalın əsas səbəbi Rusiyanın son günlər Kiyevə qarşı yeni və daha genişmiqyaslı zərbələr endirəcəyi barədə xəbərdarlıqlarıdır. Moskva xarici diplomatlara və əcnəbi vətəndaşlara Ukrayna paytaxtını tərk etməyi tövsiyə edib, bunun ardınca isə Avropa İttifaqı və bir sıra Avropa dövlətləri bunu “qəbuledilməz eskalasiya” kimi qiymətləndiriblər. Almaniya, Hollandiya, Norveç və Aİ qurumları etiraz əlaməti olaraq rus diplomatlarını Xarici İşlər nazirliklərinə çağırıblar. Aİ-nin xarici siyasət nümayəndələri Rusiyanın diplomatik nümayəndəliklərə yönəlmiş xəbərdarlıqlarını beynəlxalq normalara zidd addım adlandırıblar. Brüsselin mövqeyi ondan ibarətdir ki, diplomatik missiyalar Kiyevdə fəaliyyətini davam etdirəcək və Moskvanın təzyiq cəhdlərinə boyun əyməyəcək.

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev isə Berlinə çağırıldıqdan sonra tam əks mövqe nümayiş etdirib. Səfirliyin yaydığı məlumata görə, diplomat Almaniya tərəfinə “Rusiyanın səbr kasasının dolduğunu” bildirib və Moskvanın Kiyevə qarşı planlaşdırdığı zərbələrlə bağlı xəbərdarlıqlarının ciddi qəbul edilməsini istəyib. O, Almaniya hökumətini Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərə hücumlarına lazımi reaksiya verməməkdə ittiham edib.

Beləliklə, hər iki tərəf diplomatik dili faktiki olaraq ultimativ bəyanatlarla əvəzləyib. Berlin bunu təhdid və təzyiq siyasəti kimi təqdim etdiyi halda, Moskva öz addımlarını Ukraynanın hücumlarına cavab tədbiri kimi əsaslandırmağa çalışır.

Ekspertlərin fikrincə, Almaniyanın sərt reaksiyası təsadüfi deyil. Son aylarda Berlin Ukraynaya hərbi və maliyyə dəstəyini artırıb, xüsusilə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və hərbi sənaye əməkdaşlığı istiqamətində Kiyevlə əlaqələri gücləndirib. Məhz buna görə Rusiya Almaniyanı Ukraynanın əsas Avropa tərəfdaşlarından biri hesab edir.

Berlin üçün geri addım atmaq həm daxili siyasi baxımdan, həm də NATO və Aİ qarşısındakı öhdəliklər nöqteyi-nəzərindən mümkün görünmür. Almaniya hökuməti hesab edir ki, Moskvanın təhdidlərinə güzəşt edilməsi Avropanın təhlükəsizlik sisteminə əlavə risklər yaradacaq. Rusiyanın Kiyevə qarşı yeni hücum hazırlıqları fonunda Almaniyanın səfiri nazirliyə çağırması təkcə ikitərəfli diplomatik hadisə deyil. Bu, əslində Avropa İttifaqı ilə Rusiya arasında davam edən geosiyasi qarşıdurmanın növbəti təzahürüdür. Son hadisələr göstərir ki, tərəflər arasında etimad demək olar ki, tamamilə tükənib və diplomatik kanallar daha çox qarşılıqlı ittihamların çatdırılması vasitəsinə çevrilib. Kiyev ətrafında hərbi vəziyyətin daha da gərginləşəcəyi təqdirdə, Avropa paytaxtları ilə Moskva arasında yeni diplomatik böhranların yaranması ehtimalı da artır. Hazırkı mənzərə isə onu göstərir ki, nə Berlin, nə də Moskva geri çəkilmək niyyətindədir. Bu isə Ukrayna müharibəsinin yalnız cəbhədə deyil, diplomatik müstəvidə də daha sərt mərhələyə keçdiyini göstərir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr