Bakı şəhərinin mərkəzində yerləşən və son illər kütləvi tikinti layihələrinin əhatəsinə düşən Yasamal rayonunda mülkiyyət hüquqları ilə bağlı daha bir mübahisə Ali Məhkəmənin müzakirəsinə çıxarılır. Yasamal sakini Cavid İsmayılov Bakı Apelyasiya Məhkəməsinin onun iddiasını “mümkün saymayan” qərardadından kassasiya şikayəti verərək Ali Məhkəməyə müraciət edib.
Musavat.com xəbər verir ki, mübahisə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2 dekabr 2022-ci il tarixli 265 saylı sərəncamı ilə bağlıdır. Həmin sərəncamla Yasamal rayonunda bir neçə küçəni əhatə edən 4,32 hektar torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə “RR Constructions” MMC-nin istifadəsinə verilib. İddiaçı bildirir ki, onun mülkiyyətində olan Yasamal rayonu, Hüseyn Cavid küçəsi 19 ünvanındakı mənzil də həmin layihənin əhatə dairəsinə düşür və məhz bu sərəncam sonradan mülkiyyətinə müdaxilə üçün hüquqi əsas kimi istifadə olunub. Məhkəmə çəkişməsinin diqqət çəkən tərəfi ondan ibarətdir ki, Bakı İnzibati Məhkəməsi 2025-ci ildə iddiaçının mövqeyini haqlı sayaraq sərəncamı onun mülkiyyətinə aid hissədə ləğv etmişdi. Lakin sonradan Bakı Apelyasiya Məhkəməsi həmin qərarı ləğv edib və iddianı, ümumiyyətlə, mümkün hesab etməyib. Apelyasiya instansiyası belə qənaətə gəlib ki, iddiaçının hüquqları hələ faktiki pozulmayıb.
Qərardadda qeyd olunur ki, mənzil sökülməyib və tikinti üçün ayrıca icazə verilməyib. Buna görə də məhkəmənin fikrincə, hazırkı mərhələdə hüquqi müdafiəyə ehtiyac yaranmayıb. Məhz bu yanaşma kassasiya şikayətinin əsas predmetinə çevrilib.
İddiaçı Cavid İsmayılov deyir ki, əgər məhkəmə əvvəlcə evinin sökülməsini, əmlakının əlindən çıxmasını gözləməyi tələb edirsə, onda preventiv məhkəmə müdafiəsi institutu mənasını itirir. Onun sözlərinə görə, məhkəmənin məlum qərrından sonra “RR Constructions” MMC onun evinə gələn su xəttini kəsib, yaşayış sahəsinin ətrafı hasarlanıb, evinə giriş-çıxış imkanları məhdudlaşdırılıb və ev sahiblərinə müxtəlif formalarda təzyiq göstərilib. Məhz bu səbəbdən Bakı İnzibati Məhkəməsi 10 mart 2025-ci il tarixində müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq etmiş, tikinti işlərinin dayandırılması və mənzilə giriş imkanının bərpa olunması barədə qərardad qəbul etmişdi.
Cavid İsmayılov hesab edir ki, yaranmış vəziyətdə Bakı Şəhər İcra Hakimiyyətinin davranışı suallar doğurur. Birinci instansiya məhkəməsi sərəncamı iddiaçıya aid hissədə qanunsuz hesab etsə də, həmin qərardan apelyasiya şikayəti verən qurum sərəncamı qəbul etmiş dövlət orqanı olmayıb. Apelyasiya şikayətini layihədən faydalanan üçüncü şəxs – “RR Constructions” MMC təqdim edib. Cavid İsmayılovun kassasiya şikayətində qeyd olunur ki, sərəncamı qəbul edən inzibati orqanın qərarı mübahisələndirməməsi faktiki olaraq birinci instansiya məhkəməsinin nəticələri ilə razılaşdığı təəssüratı yaradır. Buna baxmayaraq, apelyasiya instansiyası kommersiya layihəsinin maraqlarını əsas götürərək vətəndaşın mülkiyyət hüququnun müdafiəsinə dair qərarı ləğv edib.
Şikayətdə Ali Məhkəmənin daha əvvəl baxdığı və ictimai rezonans doğuran “Sizin Mənzil” MMC ilə bağlı işlərə də istinad edilir. Həmin işlərdə də rayon icra hakimiyyətlərinin sərəncamları əsasında tikinti şirkətlərinə müəyyən ərazilər verilmiş, sonradan həmin ərazilərdə yerləşən mülkiyyət obyektlərinin sökülməsi ilə bağlı mübahisələr yaranmışdı. Ali Məhkəmə həmin qərarlarında vurğulamışdı ki, vətəndaşın əmlakına müdaxilə üçün hüquqi əsas yaradan inzibati aktlar formal olaraq tikinti layihəsi ilə bağlı olsa belə, mülkiyyətçi üçün əlverişsiz inzibati akt hesab olunur və məhkəmə nəzarətindən kənarda qala bilməz. Cavid İsmayılovun müdafiə tərəfi hesab edir ki, hazırkı işlə həmin presedentlər arasında mahiyyət etibarilə ciddi fərq yoxdur. Bu iş təkcə bir mənzilin taleyi ilə bağlı deyil. Məsələ daha geniş hüquqi sual doğurur. Vətəndaş məhkəməyə yalnız evi söküləndən sonra müraciət etməlidir, yoxsa mülkiyyətinə yönələn təhlükə yaranan andan müdafiə hüququ əldə edir?
Azərbaycan Konstitusiyasının 29-cu maddəsi mülkiyyət hüququnu, 60-cı maddəsi isə məhkəmə müdafiəsi hüququnu təmin edir. Məhkəmələrin əsas vəzifələrindən biri də hüquq pozuntusunun nəticələrini sonradan aradan qaldırmaq deyil, onun qarşısını vaxtında almaqdır. İndi son söz Azərbaycan Respublikası Ali Məhkəməsinə məxsusdur. Ali instansiyanın verəcəyi qərar yalnız Yasamaldakı bir mənzilin deyil, paytaxtın müxtəlif hissələrində yenidənqurma və söküntü layihələri ilə üzləşən yüzlərlə mülkiyyətçinin hüquqi müdafiə imkanlarına da təsir göstərə bilər.
Cavid İsmayılov bildirir ki, hazırda böyüyüb başa çatdığı evin ətrafı tikinti meydançasıdır və ətrafda sökülən evlərin daş-kəsəyi onun evinin damına tökülür, zədələyir. Evinə giriş-çıxışda problemlər yaranır. O, ölkə rəhbərliyinə müraciət edərək üzləşdiyi cinayətə bərabər qanunsuzluqların aradan qaldırılmasını xahiş edir.
E.Məmmədəliyev,
Musavat.com