Ermənistan və ABŞ kritik minerallar və nadir torpaq elementlərinin tədarükünün sürətləndirilməsi imkanlarını araşdıracaq.
Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan və ABŞ arasında kritik minerallar və nadir torpaq elementlərinin tədarükünün təmin olunmasına dair imzalanmış çərçivə sazişində bildirilib.
Sənəd mayın 26-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio tərəfindən imzalanıb.
Sazişdə qeyd olunub ki, tərəflər qabaqcıl texnologiyaların istehsalı və müvafiq sənaye bazalarının dəstəklənməsi üçün zəruri olan kritik mineralların etibarlı tədarükünün sürətləndirilməsi məqsədilə əməkdaşlığın genişləndirilməsi yollarını araşdırmaq niyyətindədir.
Sənəddə həmçinin vurğulanıb ki, bu prosesdə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun (TRIPP) Cənubi Qafqaz və Mərkəzi Asiyadan kritik mineralların tranzitinə dəstək baxımından rolu tanınır.