AZ

“Kəskin hava dəyişiklikləri iqlim dəyişikliyinin göstəricisidir” - Sadiq Həsənov

"Bu yaz ayı üçün xarakterik olan hava şəraitidir. Sadəcə, bu il belə kəskin dəyişikliklər həddindən artıq çox müşahidə olunur. Artıq həm yağıntının miqdarı illik normanı keçib, həm də dolu hadisələri qeydə alınıb. Xüsusilə Bakı-Abşeron yarımadasında və bölgələrdə intensiv yağışlar müşahidə edilib. Bu, iqlim dəyişikliklərinin birbaşa göstəricisidir. İqlimdə baş verən kəskin dəyişikliklər karbon qazının atmosferdəki miqdarının artması ilə əlaqədardır və bu artım davam edir. Son hesablamalara görə, qlobal karbon emissiyası artıq 37 milyard tonu keçib. Halbuki 1900-cü illərin əvvəllərində bu göstərici cəmi bir neçə milyard ton idi".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Qeyd edək ki, Bakıda hava şəraiti qəfil dəyişərək paytaxt sakinlərini təəccübləndirib. Gün ərzində müşahidə olunan yağışlı hava qısa müddətdə intensivləşib, bəzi ərazilərdə isə güclü dolu yağıb. Küçələrdə hərəkətə çətinlik yaradan hava hadisəsi sosial şəbəkələrdə də geniş müzakirə olunub. Mütəxəssislər bildirirlər ki, son dövrlər belə kəskin və ani hava dəyişikliklərinin artması iqlim dəyişiklikləri ilə əlaqəli ola bilər.

Ekoloq bildirib ki, texnologiya və texnikanın sürətli inkişafı, eləcə də yanacaq istehlakının artması atmosferdə karbon qazı, metan və digər zərərli qazların miqdarının çoxalmasına səbəb olub.

"Bu da öz növbəsində belə kəskin təbiət hadisələri ilə müşahidə edilir. Bildiyimiz kimi, qlobal temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə artıq təxminən 1,3–1,5 dərəcə artıb və artım davam edir. Xüsusilə son onilliklərdə temperaturun yüksəlmə tempi daha da sürətlənib. Azərbaycan da daxil olmaqla bir çox regionlarda bu dəyişikliklər daha kəskin hava hadisələri ilə müşahidə olunur. Azərbaycan da bu prosesdən təsirlənən regionlardan biridir. Ona görə də belə kataklizmlər artıq tez-tez baş verir və hazırda da müşahidə olunur. Bu il ərzində hava şəraitinin davamlı şəkildə dəyişməsi diqqət çəkir. Temperaturun qısa müddətdə kəskin şəkildə 30-35 dərəcəyə yüksəlməsi, daha sonra isə sürətlə aşağı düşməsi bu cür hadisələrin yaranmasına səbəb olur. Həm temperatur dəyişiklikləri, həm də qlobal iqlim prosesləri müxtəlif fəsadlarla müşahidə edilir. Artıq biz bu hava şəraitinə uyğunlaşmalıyıq. Çünki belə hadisələrin regionumuzda qısamüddətli, lakin intensiv yağışlar və digər təbiət hadisələri ilə müşahidə olunacağı gözlənilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az

DİGƏR XƏBƏRLƏR


Warning:Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 95
Seçilən
23
aznews.az

1Mənbələr