AZ

ABŞ İranı uranı Vaşinqtona təhvil verməyə məcbur edəcək Hərbi ekspert

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran öz ərazisindəki yüksək zənginləşdirilmiş uranı Çinə daşınması şərti ilə ölkədən çıxarmağa hazır olduğunu bəyan edib. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Mənbənin kanala bildirdiyinə görə, rəsmi Tehran nüvə materialının ölkədən çıxarılması müqabilində ABŞ ilə yekun razılaşma əldə olunana qədər Pekindən təhlükəsizlik və siyasi zəmanət almağa çalışır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, İran bu müharibənin məğlub tərəfi kimi görünür. Onun sözlərinə görə, ölkə həm nüvə tədqiqatlarını dayandırmağa məcbur edilir, həm də zənginləşdirilmiş uran ehtiyatlarının İran ərazisindən çıxarılması ABŞ və İsrailin əsas prioritetlərindən biri hesab olunur:

"Lakin həmin uranın Çinə daşınması məsələsi hələlik yalnız müzakirə predmetidir və ABŞ-nin buna razılıq verəcəyini indidən söyləmək mümkün deyil. Hazırda bunu təsdiqləyən konkret əsaslar yoxdur. Bununla belə, Pakistanın həm ABŞ, həm İran, həm də Çinlə təmaslarını davam etdirməsi belə bir mövzunun müəyyən səviyyədə müzakirə olunduğunu deməyə əsas verir. Ancaq Vaşinqtonun buna razı olacağı hələ də sual altındadır. Çünki ABŞ Prezidenti daha əvvəl bəyan etmişdi ki, nüvə ehtiyatları məhz ABŞ-yə təhvil verilməlidir. Hər bir halda İran bu müharibə nəticəsində ciddi itkilərlə üzləşib. Ölkə həm hərbi-siyasi rəhbərliyinin bir hissəsini itirib, həm ordusunun mühüm resursları zərbə alıb, həm nüvə tədqiqatlarını davam etdirmək imkanları məhdudlaşıb, həm də Yaxın Şərqdəki proksi qüvvələri ciddi itkilərə məruz qalıb".

Müsahibimizin sözlərinə görə, Çin isə bütün bu prosesləri diqqətlə izləyir və görünür ki, ABŞ-nin İrandan yaxın perspektivdə tam şəkildə geri çəkiləcəyini ehtimal etmir:

"Bu səbəbdən Pekin prosesə daha ehtiyatlı və məsafəli yanaşır. Hazırkı mərhələdə nə İranın təhlükəsizliyinə zəmanət verilməsi, nə də zənginləşdirilmiş uranın qəbul olunması ilə bağlı Çindən açıq və rəsmi mövqe eşidilməyib. Daha əvvəl Rusiya İranın uran ehtiyatlarını qəbul etməyə hazır olduğunu bildirmişdi. Rusiya İranın əsas müttəfiqlərindən biri hesab olunur. Lakin buna baxmayaraq, ABŞ həmin prosesdə maneə yaratmışdı. Ehtimal olunur ki, Çin məsələsində də oxşar yanaşma sərgilənə bilər. ABŞ İranı uran ehtiyatlarını birbaşa Vaşinqtona təhvil verməyə məcbur etməyə çalışacaq. Təbii ki, uranın necə çıxarılması, yeraltı obyektlərdə aparılacaq qazıntı işləri, daşınma prosesi, konteynerləşdirilməsi və təhlükəsizlik məsələləri isə ayrıca müzakirə mövzusu olaraq qalır".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
50
redaktor.az

10Mənbələr