Məkkədə Həcc ziyarəti başlayıb. Yaxın Şərqdəki gərginliyə baxmayaraq, dünyanın müxtəlif ölkələrindən təxminən 1,5 milyon müsəlman Səudiyyə Ərəbistanına gəlib. Həcc mərasimi mayın 29-da başa çatacaq.
“Deutsche Welle” telekanalının yaydığı məlumata görə, Türkiyə, Pakistan, Almaniya, Malayziya, Banqladeş və başqa ölkələrdən gələn zəvvarlarla yanaşı, İrandan da təxminən 30 min nəfər Məkkəyə gedib. Əvvəlcə 86 mindən çox iranlının səfəri planlaşdırılmışdı, amma müharibə səbəbindən say azalıb.
Yaxın Şərqdəki gərginliyə baxmayaraq, Səudiyyə Ərəbistanı Həccə məhdudiyyət qoymayıb. Səudiyyə hökuməti zəvvarların təhlükəsizliyinin əsas prioritet olduğunu bildirib. Ölkə hava hücumundan müdafiə sistemlərini gücləndirib və müqəddəs yerlərin ətrafında raket sistemləri yerləşdirib. ABŞ, Almaniya və Böyük Britaniya öz vətəndaşlarına Səudiyyə Ərəbistanına səfərlə bağlı ehtiyatlı olmağı tövsiyə edib. Bəzi ölkələr əvvəlcə həcc səfərlərini təxirə salmaq istəsə də, sonradan uçuşlara icazə verilib. Proseslər həccin qiymətinə də təsir edib. Aviabiletlər və sığorta xərcləri bahalaşıb. Bir çox zəvvar əlavə xərc ödəməli olub.
Təhminə VERDİYEVA,
“Azərbaycan”