Bakı, 26 may, AZƏRTAC
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) həm təşkilati səviyyəsi, həm də beynəlxalq əhəmiyyəti baxımından olduqca mühüm hadisəyə çevrilib. Tədbir BMT platformasında xüsusi rezonans doğurub və Azərbaycanı qlobal şəhərsalma proseslərinin əsas iştirakçılarından biri kimi təqdim edib. WUF13-ün yüksək səviyyədə təşkili, müzakirələrin genişliyi və qəbul olunan qərarlar tədbirin beynəlxalq siyasi çəkisini daha da artırıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O, WUF13-ün statistik göstəricilərinin platformanın əhəmiyyətini açıq şəkildə nümayiş etdirdiyinə diqqət çəkib: “İştirakçıların sayı səbəbindən bu günədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşən sessiyaya ev sahibliyi etdiyinə və səmimi qonaqpərvərlik göstərdiyinə görə bütün qonaqlar Azərbaycan Hökumətinə və xalqına minnətdarlıqlarını ifadə ediblər. Bu iştirak səviyyəsi Forumun yalnız şəhərsalma sahəsi ilə məhdudlaşmadığını, eyni zamanda, siyasi və diplomatik baxımdan mühüm platformaya çevrildiyini göstərib. WUF13 zamanı mühüm təşəbbüslər və təkliflər də irəli sürülüb. Bu təşəbbüslər gələcəkdə şəhərsalma sahəsində daha geniş əməkdaşlıq imkanlarının formalaşmasına zəmin yaradır. WUF13 Azərbaycan üçün həm də öz inkişaf modelini təqdim etmək imkanı olub. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən müasir şəhərsalma konsepsiyası WUF13 iştirakçılarına nümayiş etdirilib. Bununla yanaşı, beynəlxalq təcrübələrin Azərbaycana gətirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, inklüziv şəhərsalma prinsiplərinin müzakirəsi tədbirin əsas istiqamətlərindən biri olub. Xüsusilə cəmiyyətin həssas qruplarının şəhərsalma qərarlarında iştirakının təmin olunması məsələsi geniş müzakirə edilib”.
Azər Allahverənov 13 Sessiyada qəbul olunan qərarların və irəli sürülən təşəbbüslərin gələcək beynəlxalq proseslərə də təsir göstərəcəyini vurğulayıb: “WUF13-ün uğurla keçirilməsində Prezident İlham Əliyevin xüsusi diqqəti və nəzarəti mühüm rol oynayıb. Forumun hazırlıq mərhələsindən başlayaraq təşkilati proseslər dövlətimizin başçısının birbaşa diqqətində saxlanılıb. Tədbir məkanına baxış keçirilməsi, müxtəlif təşəbbüslərlə bağlı tövsiyələrin verilməsi Forumun ən yüksək səviyyədə təşkil olunmasına şərait yaradıb. Bu yanaşma Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində qazandığı uğurların davamlı xarakter daşıdığını göstərib. Beləliklə, WUF13 Azərbaycanın növbəti beynəlxalq uğuru kimi tarixə düşüb. Forum vasitəsilə Azərbaycan həm öz inkişaf strategiyasını və şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirib, həm də qlobal problemlərin həllinə töhfə verməyə hazır olduğunu göstərib. Urbanizasiya, miqrasiya, demoqrafiya və iqtisadi inkişaf kimi mühüm məsələlərin müzakirə olunduğu bu platforma Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirib”.