Haqlı ola-ola məhkəməni uduza bilərsiniz — Vəkil gizli nüansları açıqladı
Məhkəmə proseslərində təkcə sübutların mövcudluğu deyil, tərəflərin prosessual davranışı da mühüm əhəmiyyət daşıyır. Bəzi hallarda şəxsin susması və ya hərəkətsiz qalması hüquqi nəticələr doğura bilər. Hüquq sistemində bu cür davranış müəyyən şərtlərdə iradə ifadəsi kimi qiymətləndirilir. Bu səbəbdən susmaq hüquqi mübahisələrin gedişinə birbaşa təsir göstərə bilər.
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, hüquqda susmaq sadəcə cavab verməmək deyil:
"Bəzi hallarda susmaq razılıq kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.4-cü maddəsi açıq şəkildə bildirir: “Susmaq qanunda və tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır”. Bu o deməkdir ki, siz danışmırsınız, amma hüquq sistemi bunu sizin iradəniz kimi qəbul edə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 18 may 2026-cı ildə qəbul etdiyi qərardadda meyar müəyyən edilib. Şəxs lazımi qaydada məlumatlandırıldığı halda məhkəməyə gəlmədikdə, iddiaya etiraz etmədikdə və məhkəmə aktından şikayət vermədikdə, bu davranış onun işə real marağının olmadığı kimi qiymətləndirilə bilər. Yəni passivlik özü ayrıca sübuta çevrilə bilər".
Vəkil deyib ki, bu prinsip yalnız Azərbaycan hüququna aid deyil:
"Beynəlxalq hüquqda bu yanaşma acquiescence, yəni susaraq razılaşma kimi tanınır. Beynəlxalq Ədalət Məhkəməsinin Temple of Preah Vihear işi üzrə qərarında qeyd olunur ki, bir dövlət uzun müddət digər dövlətin iddiasına etiraz etmədikdə, bu, həmin iddianın qəbul edilməsi kimi qiymətləndirilə bilər. Həmin qərarda belə bir fikir də vurğulanır ki, etirazın zəruri olduğu hallarda susmaq razılıq əlaməti sayıla bilər.
Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, hüquqlar təhlükə altında olduqda susmaq olmaz, vaxtında və yazılı şəkildə etiraz edilməlidir. Məhkəmə bildirişləri sadəcə məktub kimi deyil, ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır. Qərarlara vaxtında etiraz edilmədikdə, hüquq sistemi bunu razılıq kimi dəyərləndirə bilər. Haqlı olmaq kifayət etmir. Haqqı vaxtında və düzgün şəkildə ifadə etmək də vacibdir. Çünki hüquqda susan tərəfin haqqı bəzən danışan tərəfin lehinə çevrilə bilər", - deyə vəkil qeyd edib.
Yəni, sizə qarşı məhkəmə iddiası qaldırıldıqda və ya rəsmi bildiriş gəldikdə səssiz qalıb məhkəməyə getməsəniz, qanun bunu sizin ittihamla və ya tələblə razılaşmağınız kimi qəbul edə bilər və avtomatik uduza bilərsiniz.
Əfsanə Kamal
Demokrat.az