ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramının təsdiqlənməsi ölkədə ərzaq təhlükəsizliyi və özünü təminetmə siyasətinin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Bəs proqram çərçivəsində yerli istehsalın artırılması idxaldan asılılığın azalmasına və daxili bazarın daha dayanıqlı formalaşmasına nə dərəcədə təsir göstərəcək?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, Dövlət Proqramı ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafına töhfə verəcək. Onun sözlərinə görə, Dövlət Proqramı kənd təsərrüfatında idxaldan asılılığın azaldılmasına şərait yaradacaq:

“Bu gün ölkəmizdə əsas prioritet iqtisadi istiqamətlərdən biri qeyri-neft sektorunun inkişafıdır. Belə ki, son illər həm neft hasilatının azalması, həm də neft qiymətlərinin ucuzlaşması ölkə iqtisadiyyatına ciddi təzyiqlər yaradır. Bu baxımdan, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm çağırışlar var.
Hazırda ölkəmizdə istehlak olunan məhsulların təxminən 70 faizi xarici dövlətlərdən idxal edilir. Buna görə də düşünürəm ki, bu proqram qarşıda duran hədəflərin reallaşdırılması baxımından ciddi nəticələr verəcək”.
Eyyib Kərimli qeyd edib ki, əkinçiliyin bərpası və istehsalın artırılması ümumi ərzaq balansına müsbət təsir göstərə bilər:
“Bu proqram həm ölkənin kənd təsərrüfatı sektorunun inkişafına töhfə verəcək, həm də xüsusilə ət məhsulları istehsalı və maldarlığın inkişafına dəstək olacaq.
Digər tərəfdən, ərzaq təhlükəsizliyinin təmin olunması, buğda və taxıl əkinlərinin inkişafı istiqamətində də əhəmiyyətli töhfələr verməlidir. Hesab edirəm ki, bunun üçün ciddi potensial var. İşğaldan azad olunmuş bölgələrimizdə bu istiqamətdə mühüm işlər aparmaq, əkinçiliyi bərpa etmək və istehsal həcmi artırmaq mümkündür.
Digər tərəfdən, proqramın əsas prioritet istiqamətlərindən biri məhsuldarlığın artırılması, yeni aqrotexnologiyaların, aqrosuvarma və müasir suvarma sistemlərinin tətbiqinə dəstək göstərməkdir.
Hesab edirəm ki, proqramın hədəfləri düzgün icra olunarsa, bir neçə il ərzində, xüsusilə 2030-cu ilə qədər Azərbaycanın ərzaq təhlükəsizliyi göstəricilərində əhəmiyyətli artım əldə etmək mümkün olacaq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
ərzaq Eyyub Kərimli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.