Belçikanın Şərqi Flandriya əyalətində qatar ilə məktəb avtobusunun çarpışması nəticəsində həyatını itirənlərin olduğu bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Belçikanın Flamand bölgəsinin ictimai yayımçısı VRT televiziyasının xəbərinə görə, Şərqi Flandriyanın Buggenhaut bölgəsində qatar və məktəb avtobusu səhər yerli vaxtla saat 08:08-də toqquşub.
Məktəb avtobusunda 7-si uşaq olmaqla 9 nəfərin olduğu bildirilsə də, qatardakı təxminən 100 sərnişinin qəzadan sonra təxliyə edildiyi qeyd olunub.
Məsələ ilə bağlı açıqlama verən Belçika rəsmisi toqquşma nəticəsində "bir çox insanın" həyatını itirdiyini bəyan edib.
Belçika Federal Polisinin rəsmisi An Berger ilk növbədə həyatını itirənlərin ailələrinə məlumat verildiyini qeyd edərək, məktəb avtobusunda orta məktəb şagirdlərinin olduğunu açıqlayıb.
Belçikanın Daxili İşlər naziri Bernard Kintin sosial şəbəkə platformasındakı hesabında etdiyi paylaşımda qəza xəbərini böyük kədərlə qarşıladığını bildirərək bu ifadələrə yer verib:
"Buggenhautdakı faciəvi qəzanı böyük bir kədərlə öyrəndim. Bu qəzada bir məktəb avtobusu qatarın altında qalıb. Dualarım ölənlər və onların yaxınları ilədir.
Ailələrinə səbir diləyirəm. Yaralılara şəfa arzulayıram. Hadisə yerində operativ müdaxilə etdiklərinə görə fövqəladə hallar qruplarımıza təşəkkür edirəm".