AZ

"Kiyevə zərbələr Putinin yay planının yalnız başlanğıcı ola bilər" - "Bild"

"Rusiya Donbas planından geri çəkilmir, Ukrayna isə mümkün yay hücumuna qarşı həm müdafiəni, həm də Rusiyanın dərinliklərinə zərbə imkanlarını gücləndirir..."

Rusiya son həftələrdə Ukraynaya qarşı kütləvi raket və dron hücumlarını artırıb.

Moderator.az xəbər  verir ki, bu barədə  Almaniyanın "Bild" nəşri yazıb.

Kremlin yay planı

Nəşr yazır ki, Kiyevə endirilən zərbələr Putinin 2026-cı ilin yayına hazırladığı daha geniş hərbi planın başlanğıcı ola bilər. Nəşrin məlumatına görə, Kreml Donbasın tam ələ keçirilməsi məqsədindən imtina etməyib. Rusiya ordusu hazırda şərq cəbhəsinin mərkəzi hissəsinə diqqət ayırsa da, eyni zamanda Xarkov, Sumı və Zaporojye istiqamətlərində təzyiqi artırır. Avstriyalı hərbi ekspert Markus Raysner hesab edir ki, Moskvanın məqsədi Ukraynanı qüvvələrini şimala yönəltməyə məcbur etmək və sonradan Donetsk vilayətinə hücumu asanlaşdırmaqdır.

Ukraynanın cavabı

Ukrayna tərəfi bildirir ki, mümkün yay ssenarisinə əvvəlcədən hazırlaşır. 7-ci Korpusun kommunikasiya rəisi Vladimir Polevoyun sözlərinə görə, müdafiə xətləri gücləndirilib və Rusiyanın dərinliklərinə zərbə imkanları artırılıb. Nəşr qeyd edir ki, son həftələrdə Rusiyanın neft emalı zavodları, yanacaq bazaları və sənaye obyektləri uzaqmənzilli dronlarla demək olar ki, hər gün vurulur. Ekspertlər bunu Rusiyanın logistikasına və hərbi iqtisadiyyatına qarşı strateji kampaniyanın bir hissəsi sayırlar.

Avropa İttifaqından Kremlə sərt cavab

Bu arada, Avropa İttifaqı Rusiyanın Kiyevə qarşı yeni "sistemli zərbələr" təhdidlərinə sərt reaksiya verib. Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova bildirib ki, Avropa diplomatları Kiyevi tərk etməyəcək. Onun sözlərinə görə, Kremlin məqsədi qorxu yaratmaq və Ukraynanı təcrid etməkdir, lakin Aİ Kiyevdə qalmağa davam edəcək. Ekspertlər yaxın həftələrdə Rusiyanın yenidən genişmiqyaslı raket hücumlarına cəhd edə biləcəyini də istisna etmirlər.

Seçilən
27
1
moderator.az

2Mənbələr