AZ

Rusiya əsirliyində “Harri Potter"dən güc aldılar – ukraynalı hərbçinin hekayəsi dünyanı sarsıtdı

Musavat.com xəbər verir ki, rus əsirliyində saxlanılan ukraynalı dəniz piyadası Aleksandr İvanov qeyri-adi üsulla həm özünü, həm də silah yoldaşlarını mənəvi çöküşdən qoruyub.

32 yaşlı ukraynalı hərbçi əsirlikdə olduğu müddətdə kameradakı digər məhbuslara məşhur Harry Potter kitablarının süjetini pıçıldayaraq danışıb. O, kitabları dəfələrlə oxuduğu üçün demək olar ki, əzbər bilirmiş.

BBC-yə danışan Aleksandr bildirib ki, hekayələri xüsusi şəkildə, sanki serial kimi ən maraqlı yerdə dayandırırmış:

“Həmişə ən maraqlı yerdə saxlayırdım. Sonra imkan yaranan kimi uşaqlar məndən davamını danışmağımı istəyirdilər”.

Onun sözlərinə görə, son kitab bitəndən sonra kameradakı məhbuslar hekayənin yenidən başlanmasını xahiş ediblər.

Ukraynalı hərbçi deyib ki, bəzən gecələr silah yoldaşları ona yaxınlaşıb yalnız bir şeyi gözlədiklərini söyləyirdilər:

“Səhər açılsın, yemək yeyək və sən hekayəni davam etdir”.

Aleksandr İvanov Ukrayna Hərbi Dəniz Qüvvələrinin 501-ci batalyonunda xidmət edib. Rusiyanın genişmiqyaslı hücumu başlayanda o, Mariupolda olub. 2022-ci ilin aprelində İliç zavodu uğrunda döyüşlərdən sonra həyat yoldaşı ilə son dəfə əlaqə saxlayıb və qısa müddət sonra əsir düşüb.

O, yalnız 2026-cı ilin may ayında əsir mübadiləsi nəticəsində Ukraynaya geri dönə bilib.

Bu hekayə sosial şəbəkələrdə böyük rezonans doğurub. İstifadəçilər yazırlar ki, bəzən bir kitab, bir hekayə və bir insanın səsi belə ən ağır şəraitdə yaşamaq ümidi verə bilir.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr