ABŞ-da bəzi yollarda görünməyə başlayan yeni tip yol nişanları sürücülərin diqqətini çəkib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdə bir çox insan işarələrə baxdıqdan sonra başqa heç nəyə fokuslana bilmədiyini bildirib.
Məlumata görə, söhbət optik illüziya effekti yaradan yeni dizaynlı sürət həddi nişanlarından gedir. ABŞ-ın bəzi bölgələrində sınaqdan keçirilən bu işarələr sürücülərin diqqətini daha tez cəlb etmək və sürəti azaltmaq məqsədilə hazırlanıb.
Xəbərdə qeyd olunur ki, nişanlarda istifadə edilən xüsusi vizual effektlər və kontrast rənglər səbəbilə sürücülər uzun müddət işarəyə baxmaqdan özlərini saxlaya bilmir. Bəzi istifadəçilər bunu “hipnotik təsir” kimi təsvir edib.
Mütəxəssislər bildirirlər ki, son illərdə yol təhlükəsizliyi üçün diqqət çəkən nişanlardan daha çox istifadə olunmağa başlanıb. Xüsusilə sürət həddinin tez-tez pozulduğu ərazilərdə sürücünün reaksiyasını sürətləndirmək üçün qeyri-adi dizaynlar hazırlanır.
Yeni nişanların görüntüləri qısa müddətdə sosial mediada milyonlarla baxış toplayıb. Bəzi insanlar işarələrin faydalı olduğunu düşünür, digərləri isə həddindən artıq diqqət yayındırdığı üçün təhlükəli ola biləcəyini deyir.
Musavat.com