ain.az, Sherg.az saytına istinadən bildirir.
Telefonlar yaxınlaşdırdı, insanlar tənhalaşdı. Vətəndaşlar görünəndən daha bədbəxtdir
Ruhi xəstəliklərin artması təkcə tibbi məsələ deyil, həm də müasir həyat tərzi, sosial münasibətlər və psixoloji yük ilə bağlıdır
Artan stress, sosial təzyiq, iqtisadi çətinliklər, tənhalıq və sürətli həyat tərzi insanların psixoloji vəziyyətinə birbaşa təsir göstərir. İnsanlar arasında psixoloji pozğunluq, depressiya və digər ruhi xəstəliklərin sürətlə yayılması artıq beynəlxalq təşkilatların və elm adamlarının ciddi narahatlığına səbəb olub. “The Lancet” nəşrinin yaydığı son məlumat da problemin miqyasını bir daha ortaya qoyur.
Məlumata görə, hazırda Yer kürəsində təxminən 1,2 milyard insan müxtəlif ruhi xəstəliklərdən əziyyət çəkir. Son 33 ildə bu rəqəmin iki dəfə artdığı bildirilir. Xüsusilə narahatlıq pozğunluqları, klinik depressiya, şizofreniya, davranış pozğunluqları və qidalanma ilə bağlı psixoloji xəstəliklərdə ciddi artım müşahidə olunur.
Mütəxəssislər hesab edir ki, psixi sağlamlıqla bağlı vəziyyətin ağırlaşması gələcəkdə həm cəmiyyətlərin sosial rifahına, həm də iqtisadi sistemlərə ciddi təsir göstərə bilər.
“CAN" psixoloji bərpa Mərkəzinin rəhbəri psixoloq Nizami Orucov Sherg.az-a bildirib ki, ruhi xəstəliklərin artması təkcə tibbi məsələ deyil, həm də müasir həyat tərzi, sosial münasibətlər və psixoloji yük ilə bağlıdır. Psixoloq son illərdə insanların həyat sürətinin artdığını, lakin emosional dözümlülüyü dəstəkləyən sosial bağların zəiflədiyini xatırladıb. Onun sözlərinə görə, insanlar texnologiya vasitəsilə daha çox əlaqədə görünsələr də, daxildə daha çox tənhalıq və anlaşılmamaq hissi yaşayırlar: “Ən böyük amillərdən biri uzunmüddətli stress və qeyri-müəyyənlik hissidir. Maddi problemlər, gələcək qorxusu, performans təzyiqi və davamlı müqayisə insan psixikasını yorur. Xüsusilə sosial şəbəkələrdə ideal həyat görüntüləri insanlarda yetərsizlik hissini artırır. İnsan daim başqalarının “ən yaxşı anları” ilə öz real həyatını müqayisə etdikdə daxili narazılıq və emosional tükənmişlik yarana bilir. Digər mühüm faktor emosional dəstəyin azalmasıdır. Əvvəllər insanlar ailə və sosial çevrə içində problemlərini daha çox paylaşırdılar. İndi isə bir çox insan hisslərini içində saxlayır və yardım istəməkdən çəkinir. Psixoloji problemlərin hələ də bəzi cəmiyyətlərdə “zəiflik” kimi görülməsi də insanların gec dəstək almasına səbəb olur. Travmaların və uşaqlıq dövrü emosional problemlərinin təsiri də çox önəmlidir. Bir çox psixoloji çətinliyin kökü erkən yaşlarda yaşanan emosional laqeydlik, təhlükəsizlik hissinin pozulması və ya davamlı stresslə əlaqəli ola bilir. Bu təsirlər bəzən illər sonra ortaya çıxır. Müasir dövrdə yuxu pozuntuları, ekran asılılığı, fiziki hərəkətsizlik və davamlı informasiya yüklənməsi də sinir sisteminə təsir edir. İnsan beyni fasiləsiz stimul altında qaldıqda emosional tənzimləmə qabiliyyəti zəifləyə bilir.
Digər tərəfdən, artımın bir səbəbi də insanların psixoloji problemləri daha çox tanımağa və diaqnoz qoymağa başlamasıdır. Yəni əvvəllər gizli qalan bir çox vəziyyət indi daha görünən hala gəlib”.
N. Orucov Azərbaycanda da psixi sağlamlıqla bağlı problemlərdə artım müşahidə olunduğunu qeyd edib:
“Rəsmi statistikalar göstərir ki, son illərdə psixi və davranış pozuntuları ilə bağlı qeydiyyata alınan insanların sayı yüksəlib. Bu artımın bir hissəsi insanların psixoloji problemləri daha çox tanıması və yardım axtarmağa başlaması ilə bağlıdır. Əvvəllər insanlar psixoloqa və ya psixiatra müraciət etməyə çəkinirdilərsə, indi psixi sağlamlıq mövzusu daha görünən hala gəlib. Amma bununla yanaşı real psixoloji yüklənmənin də artdığı görünür. Azərbaycanda xüsusilə narahatlıq pozuntuları, depressiv hallar, emosional tükənmişlik, aqressiya və asılılıq problemləri daha çox müşahidə olunur. Sosial təzyiq, iqtisadi gərginlik, işsizlik qorxusu, ailədaxili konfliktlər və gələcəklə bağlı qeyri-müəyyənlik insanların psixoloji vəziyyətinə təsir edir. Xüsusilə gənclər arasında motivasiya itkisi, tənhalıq hissi və emosional yorğunluq daha çox hiss olunur. Digər tərəfdən, cəmiyyətdə emosiyaları ifadə etməmək mədəniyyəti də problemləri dərinləşdirə bilir. Xüsusilə kişilərdə “güclü görünməlisən” düşüncəsi səbəbindən emosiyalar daha çox basdırılır və bu da aqressiya, davranış pozuntuları və asılılıq şəklində ortaya çıxa bilir. Sosial şəbəkələrin təsiri, yuxu rejiminin pozulması, davamlı informasiya axını və ekran asılılığı da sinir sisteminə mənfi təsir edən amillər sırasındadır. İnsanlar fiziki olaraq daha çox bağlı görünsələr də, emosional olaraq daha çox tənhalıq yaşayırlar. Bununla yanaşı, Azərbaycanda psixoloji dəstəyə ehtiyacın artdığı da hiss olunur. İnsanların qaynar xəttlər, psixoloji yardım və emosional dəstək barədə daha çox sual verməsi bu ehtiyacın görünən tərəflərindən biridir”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.