Məhdud Məsuliyyətli “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 2025-ci ili 1 milyon 620 min manat xalis mənfəətlə başa vurub.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “FINCA Azerbaijan”ın faiz gəlirləri 4% artımla 21 milyon 196 min manata yüksəlib. Bu dövrdə təşkilatın faiz xərcləri 6 milyon 955 min manat, inzibati və əməliyyat xərcləri isə 13 milyon 197 min manat təşkil edib.
2025-ci il dekabrın 31-nə təşkilatın cəmi aktivləri 75 milyon manat olub. Aktivlərin əsas hissəsini 63 milyon manat həcmində müştərilərə verilmiş kreditlər təşkil edib.
Şirkətin cəmi öhdəlikləri 1.2% azalaraq 57 milyon 571 min manat təşkil edib. Bunun 35 milyon 232 min manatı cəlb edilmiş vəsaitlər, 18 milyon 446 min manatı isə buraxılmış borc qiymətli kağızlarının payına düşüb.
“FINCA Azerbaijan”ın cəmi kapitalı 17 milyon 458 min manat, bölüşdürülməmiş mənfəəti isə 13 milyon 702 min manat təşkil edib.
Xatırladaq ki, Şirkətin əsas məqsədi Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlıq subyektlərini, eləcə də satış və kiçik miqyaslı istehsal mikro-biznesləri ilə məşğul olan fərdi şəxsləri və qrupları kreditlər daxil olmaqla maliyyə xidmətləri ilə təmin etməkdir. 31 dekabr 2025 və 2024-cü illər tarixinə Şirkət Azərbaycan Respublikasında fəaliyyət göstərən 26 filialdan ibarət olub.
Şirkət Niderlandda qeydiyyatdan keçmiş FINCA Microfinance Coöperatief U.A. şirkətinin törəmə müəssisəsidir. Şirkətin son nəzarət edən tərəfi Nyu-York, Amerika Birləşmiş Ştatlarında qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatı FINCA International-dır. 2010-cu ilin oktyabr ayında FINCA International “FINCA Microfinance Holding Company LLC” (“FMH”) adlı 100% törəmə holdinq şirkətini yaratmışdır.