AZ

Kənd təsərrüfatı sahəsində böyük imkanlar mövcuddur- ÖZƏL

Kənd təsərrüfatı haqqında o qədər deyiləsi söz və fikir var ki... bir kitab yetməz. Bu səbəbdən maksimum qısa, tezislər şəklində yazmağa çalışacam. 
Ölkə Prezidentinin çıxışında yeni və mənim üçün xoş olan sürpriz olan yeni istiqamətlər haqqında:
- yeni ixrac istiqamətləri və məhsulları haqqında önəmli fikirlər vurğulandı;
- pambıqçılıqda mahlıc və iplik səviyyəsindən növbəti dəyər səviyyəsinə keçilməsi (2017-ci ildə hazırladığım "Kənd təsərrüfatının iqtisadi idarəetmə konsepsiyası"nda və çıxışlarımda qeyd etdiyim bu məqamın öz həllini tapacağına inanıram);
- butik şərabçılıq (şərabçılıqda uğur qazanan ölkələrdə bu istiqamətin rolunu əks etdirən çoxlu nümunələrə vaxtaşırı toxunurdum. Çox önəmli məsələdir);
- rayonların ixtisaslaşması məsələsində ehtiyatlı olmaq lazımdır fikri önəmli idi. Çünki, bir rayonda həqiqətən torpaqlar məhsuldarlıq, tərkib və növlərinə görə çox fərqlənir;
- subsidiyaların faydası, səmərəliliyi və artırılması;
- digər növ gübrələrin yerli istehsalının vacibliyi.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim olunan Proqramda müsbət tərəflər:
- intensiv bağçılıq sahəsində əldə olunmuş müsbət göstəricilərin və uğurların davam etdirilməsi;
- heyvandarlıqla bağlı yanaşmanın və mentalitetin dəyişmə vacibliyi və bu dəyişmələrin bəzilərinin Proqramda əks olunması(intensiv heyvandarlıq və subsidiyalara yenidən baxılması);
- subsidiyaların nominal artımı bizi çaşdırmamalıdır, çünki subsidiyalar real olaraq (inflyasiya deflyatoru, qiymətlərin artması) azalıb. Bu vacib amil Proqramda qeyd olunub;
- kənd təsərrüfatında bəzi istiqamətlər üzrə bəzi yeni yanaşmalar;
İndi isə Proqramda olmayan bəzi məsələləri qeyd edəcəm ki, nəzərə alınmasında fayda olacağını düşünürəm:
- daha geniş bir vizyonun ortaya qoyulacağını gözləyirdim. Proqram daha çox mövcud istiqamətlərin inkişafı və mövcud rəqəmlərin hədəf olaraq artırılmasına yönəlib;
- incə mesajlar çox idi. Məsələn, taxılçılığın daha geniş əkin sahəsi tutmasına baxmayaraq daha az iqtisadi səmərəsi qeyd olunsa da, çıxış yolu yalnız çox iddialı (orta məhsuldarlığın 1 ha/5 tona çatdırılması) hədəfdə görüldü;
- empirik təhlillər demək olar ki, yoxdur. Ümumiyyətlə empirik təhlillərlə bağlı bir çox qurumlarda sanki bir kompleks formalaşıb;
- subsidiyalar haqqında danışılır, amma konkret təkliflər və bu sahədə də empirik təhlillər olmadığı üçün ümumiyyətlə subsidiyalarla bağlı aydın olmayan təsəvvürlər formalaşıb;
- bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də seqmentasiya önəmlidir. İri, orta və xırda təsərrüfatların əslində öz missiya, hədəf və məşğulluqda oynadıqları rol fərqlənir. Eyni yanaşma KTN-nin özünü də bəzən çaşdırır və təhlillərdə qarışıqlığa səbəb olur;
- 20-yə yaxın butik şərabçılıq istehsalının yaradılması hədəf kimi qeyd olundu. Kənd təsərrüfatı sahəsində digər istiqamətlərdə də butik istehsal/emal imkanları çoxdur;
- kənd təsərrüfatı sahəsinin inkişafı həm KTN-nin, həm də digər qurumların, sahələrin fəaliyyətlərindən asılıdır. Digər qurumlar dedikdə daha çox suvarma/meliorasiya nəzərdə tutulur. Lakin, ən azı 4-5 digər istiqamətlər də var. Proqramda hansı istiqamətlərdə hansı işlərin görülməsi, hansı addımların atılmasının vacibliyi aydın şəkildə qeyd olunması məqsədəuyğun olardı. (Anlayıram ki, dövlət qurumları bu kimi məsələlərdə bəzən ehtiyatlı mövqe tuturlar ki, digər qurumların xətrinə dəyməsin, yanlış anlaşılma olmasın);
Ölkənin kənd təsərrüfatı sahəsində bizdən asılı olan və olmayan bir çox çağırış və çətinliklər olsa da, kənd təsərrüfatı sahəsində böyük imkanlar mövcuddur. 2030-cu ilə qədər salınmış bağlardan əldə edilən məhsullar hesabına ciddi artım gözləyirəm. Lakin, heyvandarlıq sahəsində tədbirlər planı zəif və qeyri-müəyyən təsir bağışladı. Bəzi hədəflərlə bağlı göstəricilərə isə toxunmayacam. 
Kənd təsərrüfatı sahəsində növbəti 4 ildə real və iddialı artıma (Proqramda qeyd olunmayan potensial imkanlar daxil olmaqla) nail olmaq üçün 5 fundamental məsələnin həlli vacibdir. Bunlardan biri də karbamidlə (46% azot ehtiva edir və həqiqətən keyfiyyətli istehsal olunur) yanaşı NPK (16:16:16) və ammofos (12:52:0) (və ya DAP) gübrələrinin də yerli istehsalına (bunu öz giriş nitqində Ölkə Prezidenti səsləndirdi) nail olmaqdır. Mənim üçün təəccüblü oldu ki, digər 4 istiqamətə ümumiyyətlə proqramda toxunulmayıb. İxrac məsələsi isə mövcud göstəricilərin artımı üzərində qurulub. 
Ümumilikdə isə atılmış bu addım, heç olmasa qısamüddətli bir proqramın olması, müəyyən istiqamətlərdə yanaşma tərzlərinin müsbətə doğru dəyişməsi, yeni baxışların ortaya qoyulması müsbət, proqramın iddialı hədəflər üzərində qurulmasına baxmayaraq həmin hədəflərə çatmaq üçün konkret tədbirlərin demək olar ki, olmaması, necə sualının az hallarda qoyulması və bu suala daha az cavabların olması, empirik təhlillərin demək olar ki, olmaması, kənd təsərrüfatının inkişafı üçün çox vacib olan əsas siyasətlərə demək olar ki, toxunulmaması isə nisbi çatışmazlıq kimi xarakterizə oluna bilər. Bir fikir olaraq qeyd edim ki, bu kimi Proqramlar hazırlanarkən nəzərə alınır ki, süni intellekt yeni ideyaları sualların qoyuluşuna əsasən verir. Daha dərinə gedərək real çıxış yollarının müəyyən edilməsi isə yanaşma tərzindən asılıdır.   
Ümumiyyətlə ölkəmizdə və bütün dünyada kənd təsərrüfatı sahəsində data digər bir çox sahələrə nisbətən daha çox və zəngindir. Bu datalardan gələcəkdə istifadə edərək daha dərin və müasir dövrün, o cümlədən yaranan yeni şəraitin tələblərini əhatə edən təhlillərin aparılması mümkündür.   
Hər bir halda ilkin addım kimi belə bir Proqramın olması təqdirəlayiqdir və bundan sonra əsas məsələ bu Proqramın düzgün icrası üçün düzgün addımların seçilməsidir.
Elman Sadıqov
İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr