Ajans.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə, hadisə mayın 23-ü axşam saatlarında şəhərin Vasileostrovski rayonunda baş verib. İstintaq məlumatına əsasən, 27 yaşlı kişi keçmiş sevgilisinə travmatik tapançadan atəş açıb, daha sonra onun üzərinə turşu tökərək bıçaqla xəsarətlər yetirib. Hücumdan sonra şübhəli hadisə yerindən qaçıb. Ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib. “Fontanka” nəşrinin məlumatına görə, Sergey adlı şəxs 27 yaşlı Anastasiya və onun rəfiqəsini yaşayış binasının girişində gözləyib. Bildirilir ki, o, Anastasiyanın üzərinə azot turşusu töküb, rəfiqəsinin üzünə isə bibər qazı püskürdüb. “İzvestiya”nın yazdığına əsasən, qadının rəfiqəsi hücumun qarşısını almağa çalışsa da, özü də turşu yanıqları alıb. Telegram-da fəaliyyət göstərən “112” kanalının iddiasına görə, hücum qısqanclıq zəminində baş verib. İrina Volk bildirib ki, saxlanılan şəxs polis şöbəsinə aparılıb. Faktla bağlı cinayət işinin başlanılması məsələsinə baxılır.