ain.az bildirir, Gununsesi portalına istinadən.
Kəndin boşalması təkcə sosial problem deyil, həm də iqtisadi təhlükədir.
Çünki kənd boşalanda torpaq boşalır, istehsal azalır, şəhər isə süni şəkildə şişir.
Şəhərə axın artdıqca mənzil bahalaşır, işsizlik artır, infrastruktur yüklənir, kənddə isə torpaq becərilmədən qalır. Bir ölkənin ərzaq təhlükəsizliyi isə yalnız neftlə yox, torpaqla qorunur.
İnsanları kənddə saxlamaq üçün “vətənpərvərlik” çağırışı kifayət etmir.
İnsan kənddə o zaman qalır ki, orada qazanc, rahatlıq və gələcək görür. Əsas məsələ kənd həyatını romantik yox, iqtisadi baxımdan sərfəli etməkdir.
Bəs nələr etmək olar?
Əvvəlcə, kənd təsərrüfatı kiçik ailə məşğuliyyətindən çıxıb gəlirli biznes modelinə çevrilməlidir.
Fermer təkcə məhsul yetişdirməməli, qazancını əvvəlcədən hesablaya bilməlidir. Bunun üçün dövlət subsidiyası kağız üzərində yox, real istehsalçıya çatmalıdır. Ən böyük problem budur ki, kəndli məhsul istehsal edir, amma bazara çıxışda uduzur. Məhsulu ya ucuz satır, ya da vasitəçilər qazancı aparır. Əgər kənddə soyuducu anbarlar, logistika mərkəzləri, emal müəssisələri qurulsa, kəndli məhsulu zay etməz və daha çox qazanar.
İkinci məsələ kəndin yaşayış standartıdır. İnsan yalnız pul üçün yaşamır. Kənddə məktəb zəifdirsə, internet yoxdursa, xəstəxana işləmirsə, gənc ailə orada qalmaz. XXI əsrdə kənd dedikdə gerilik yox, rahat həyat modeli yaranmalıdır. Sürətli internet, keyfiyyətli yol, müasir məktəb və tibbi xidmət artıq lüks deyil, kənd iqtisadiyyatının bir hissəsidir. Çünki bugünkü iqtisadiyyat təkcə torpaqla yox, informasiya ilə işləyir.
Dünyanın bir çox ölkəsində artıq yeni model formalaşır: insanlar şəhərdə yaşamaqdan yorulurlar. Bahalı kirayə, stress, tıxac və süni həyat onları kəndə yaxınlaşdırır. Amma bunun üçün kənd “məcburiyyət yeri” yox, alternativ həyat modeli olmalıdır. Azərbaycanda da bu mümkündür. Xüsusilə aqroturizm, ekoloji kənd təsərrüfatı, kiçik ailə biznesləri kəndləri yenidən canlandıra bilər.
Ən vacib məsələlərdən biri də torpaq münasibətləridir. Boş qalan torpaqlar illərlə istifadəsiz qalırsa, bu iqtisadi itkidir. Torpaq işləyən adamın əlində olmalıdır. Gənclərə uzunmüddətli güzəştli kreditlər, texnika dəstəyi və vergi güzəştləri verilməsə, onlar kəndə qayıtmayacaqlar. Çünki kənd romantika yox, riskdir. Riskin qarşılığında isə dövlət təminatı lazımdır.
Şəhərdən kəndə dönüş yalnız şüarla baş vermir. İnsan əvvəlcə hesablayır: “Mən burada yaşasam, gələcəyim varmı?” Əgər kənddə qazanc şəhərdən aşağı deyilsə, həyat keyfiyyəti normaldırsa və insan öz əməyinin bəhrəsini görə bilirsə, onda axın tədricən dəyişəcək.
Çünki kənd təkcə coğrafiya deyil. Kənd iqtisadiyyatdır, istehsaldır, ərzaq təhlükəsizliyidir və dövlətin dayanıqlığıdır.
Elmar
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.