AZ

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi Lal ev in böyük sirri

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kulis.az Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, ədəbiyyatşünas, filologiya elmləri doktoru Vaqif Yusiflinin yazıçı Nadir Yalçının “Lal ev” adlı hekayələr kitabı haqqında yazısını təqdim edir.

Hekayə yazmaq bu gün sanki hamının görəcəyi, bacaracağı bir işə çevrilib. Amma bu çoxluqda, kəmiyyətin keyfiyyəti üstələdiyi bir prosesdə səni sevindirən, bütün maraq və diqqətini özünə çəkən hekayələr də olur. Və fikirləşirsən ki, nə yaxşı, ənənə hələ davam edir, Mirzə Cəlildən, Əbdürrəhim bəy Haqverdiyevdən, Yusif Vəzir Çəmənzəminlidən, Seyid Hüseyndən, Mir Cəlaldan, Yusif Səmədoğludan, Anardan, Əkrəm Əylislidən, Elçindən, İsi Məlikzadədən sonra bu janrda maraqlı, bədii-estetik cəhətdən baxımlı hekayələrlə rastlaşırıq. Hələ Şahmar Hüseynovu (Allah rəhmət eləsin), Afaq Məsudu, Məmməd Orucu, Seyran Səxavəti, Aqil Abbası, Elçin Hüseynbəylini demirəm. Onlardan xeyli cavan olan Mübariz Cəfərli, Vüsal Nuru, Varis, Tural Rzayev, Təranə Vahid... Deməli, ənənə davam edir. Nadir Yalçını da bu sonuncuların sırasında görürəm.

"Lal ev"də on beş hekayə toplanıb. İddia etmirəm ki, bu on beş hekayənin hamısı janrın tələblərinə cavab verir. Amma onun bir hekayəçi kimi getdikcə formalaşdığını, həyat həqiqətlərini bədii həqiqətlərə ünvanladığını hiss edirsən. Nədir onun hekayələrindəki özünəməxsusluğu, digər hekayəçilərdən fərqliliyi? İlk növbədə, müşahidə qabiliyyəti, həyatın, reallığın onu düşündürən məqamlarına xüsusi diqqət yetirməsi. Nadir Yalçının maraq dairəsi əsasən özü yaşda olan cavanların məktəb illərinə, onların peşəsiylə bağlı həyat tərzinə, şəhər həyatında baş verən müxtəlif hadisələrə, bəzən də ailə-məişət məsələlərinə yönəlir. Amma bütün bunlardan başqa "Lal ev", "Nina Nikolayevna" hekayələrində məkan dəyişir, hadisələr kənddən elmi institutlardan birinə, oradan da şəhərin bir məhəlləsinə yönəlir. Amma hekayə üçün hadisələrin hansı məkanda cərəyan etməsinin bir elə əhəmiyyəti yoxdur. Əsas odur ki, hər hansı hekayədə yığcam bir süjet olsun, ədəbi dilin normalarına riayət olunsun, təsvir olunan hadisə və obrazlar həyatın özündəki kimi təsir bağışlasın. Və xüsusilə həmin hekayədə hadisə də, obrazlar da xarakterik olsun, uydurma təsir bağışlamasın. Mənim fikrimcə, Nadir Yalçının "Nina Nikolayevna" hekayəsi bütün bu söylədiklərimi isbata yetirən bir nümunədir. Nina Nikolayevna azərbaycanlı Ənvərə qoşulub gələn rus qızıdır, onun zövcəsidir... "Əmim Ninanı mənə təqdim edəndə onun yaşla parıldayan gözlərinə zilləndim. Ninanın gözəlliyini, bənzərsizliyini görəndə birdən başa düşdüm ki, o bura gəlməklə səhv eləyib". Səhv ondan başlayır ki, evdə nənədən başlamış, əksər kənd camaatı Ninanı qəbul etmir və "Nina qürbətdə məskən sala bilməyən, köksünün döyüntüləri bədənini silkələyən qaranquşlar kimiydi". Amma bu rus qızı ərinə məhəbbəti üzündən bütün tənələrə, töhmətlərə dözür, hətta müsəlmanlığı da qəbul edir, qaranquşlar kimi uçub getmir... Boynundakı xaçı da gizlədir. Günün birində Nina ölür, amma qeybə çəkilən xaçı tapılır. Nadir Yalçın rəvan dillə bu hekayəni nəql edir, ifadə vasitələrindəki zərifliklə oxucunu ələ alır. Ən başlıcası xarakter yaradır.

"Ayaqqabı" hekayəsi də maraqlıdır. Burada maraq doğuran təkcə təsvir olunan hadisə (iki gəncin sevgisi) deyil, obrazların bir-birinə münasibətindəki baxış bucağıdır. Nadir Yalçın Xanımı sevilən qızı oğlanın baxış bucağından elə təsvir edir ki: "Xanımın yanağına səpilən açıq-qırmızı çilləri, təbəssümü ilə yaranan qəmzələri, sağ tərəf üstə daranıb çiyninin üzərinə səliqəylə sərilən şabalıdı saçları, nəfəs alarkən xüsusi hərarətlə qalxıb-enən sinə- si heç kimə bənzəmirdi" doğrudan, bir qızın zahiri portreti canlanır.

Nadir Yalçının bütün hekayələri müəyyən hadisələr üzərində qurulub. Amma bu hadisələrin təsvirində obrazların maddi həyatı, onların peşəsi, gündəlik həyat tərzi ilə yanaşı, mənəvi aləmi də unudulmur. Daha doğrusu, obrazın xaricindən daxilinə açılan yol da onun xarakterini tənzimləyir. "Kitabça" hekayəsindəki Həsən müəllim, "Səfər müəllimə nəsə olub" hekayəsindəki Səfər müəllim bu mənada maraq doğuran obrazlardır.

Nadir Yalçın fərqli insan obrazlarına müraciət edir və çalışır ki, hər birinin xarakterindəki fərdilikləri nəzərə çarpdırsın. "Balıqçılar" hekayəsindəki Elxanla Cavid və Ləpir Həsən, "Lal ev"dəki Ayaz - bunlar sıravi obrazlar hesab oluna bilməzlər. Olsun ki, onlarda nəsə, hansısa tamamlana biləcək cizgi çatışmır, amma fərdi xüsusiyyətləri ilə seçilirlər. Əlbəttə, biz onun təsvir etdiyi obrazlardan qəhrəmanlıq, müstəsna fövqəladəlik tələb etmirik, hansı obrazı necə görürsə, qoy elə təsvir eləsin.

Məni sevindirən bir də odur ki, Nadir Yalçın Azərbaycan dilini və Azərbaycan məişətini dürüst mənimsəyib. Təhkiyə tərzi maraqlıdır. Həm müəllif dilində, həm də obrazların danışığında, dialoqlarında pintiliyə yol vermir. Şəhəri təsvir edəndə bilgiləri qaneedicidir, kəndi də həmçinin.

Böyük yazıçı Çingiz Aytmatov hekayə janrı ilə bağlı bir müsahibəsində deyirdi: "Hekayəni damla ilə müqayisə etmək. olar. Lakin bu damlasız okean ola bilməz. Hekayə dövrün mozaikasıdır. Mozaika isə xırda və zərif hissəciklərdən ibarətdir". Nadir Yalçının bir çox hekayələri də mozaika təsiri bağışlayır. Hələlik o, "xırda və zərif hissəciklərlə iş görür, amma, mənim fikrimcə, elə bu "xırda və zərif hissəciklərdə" də portret yaratmağa meyli güclüdür. Bu yol getdikcə onu bir bitkin hekayəçi kimi tanıdacaq.

Akif İslamzadə xəstəxanadan evə buraxıldı

"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

Tahir Salahovun qəbirüstü abidəsi ucaldıldı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
kulis.az

1Mənbələr