AZ

ÇÖRÇİLL RƏSSAMLIQ SAYƏSİNDƏ DEPRESSİYA İLƏ MÜBARİZƏ APARIB-MARAQLI » AzadMedia.az

ÇÖRÇİLL


İkinci Dünya müharibəsinin əsas liderlərindən biri kimi tanınan Uinston Çörçillin həyatının daha az bilinən tərəfi – rəssamlığı diqqət mərkəzinə çıxıb. “Independent” nəşrinin yazdığına görə, Londondakı “The Wallace Collection” muzeyində açılan yeni sərgi Çörçilli yalnız siyasətçi və natiq kimi deyil, həm də rəssam kimi təqdim edir.

Sərgidə Çörçillin həyatı boyu yaratdığı təxminən 600 əsərdən 60-a yaxını nümayiş olunur. Kuratorların sözlərinə görə, rəssamlıq onun üçün emosional xilas, depressiya ilə mübarizə vasitəsi və hətta yumşaq diplomatiya aləti olub.

Çörçill rəssamlığa 1915-ci ildə, 40 yaşında başlayıb. Bu qərar onun siyasi karyerasının ən ağır dövrlərindən biri – Birinci Dünya müharibəsi zamanı Qallipoli əməliyyatının uğursuzluğundan sonra verilib. Həmin dövrdə siyasətçi faktiki olaraq siyasi təcrid vəziyyətinə düşmüşdü. Məhz bu zaman gəlininin məsləhəti ilə rəsm çəkməyə başlayıb.

Məlumata görə, rəssamlıq qısa müddətdə Çörçillin psixoloji bərpasında mühüm rol oynayıb. Daha sonra o, məşhur rəssam Con Leveridən dərslər alıb. Hətta 1916-cı ildə hərbi xidmətdə olarkən belə, Belçikada cəbhə xəttinə yaxın ərazilərdə tablolar çəkib.

Tarixçilər bildirirlər ki, Çörçillin “qara köpək” adlandırdığı depressiya tutmaları ilə mübarizəsində incəsənət xüsusi əhəmiyyət daşıyıb. O, sonradan rəssamlıq haqqında düşüncələrini “Painting as a Pastime” kitabında toplayıb və əsərlərini təvazökarlıqla “qaralamalar” adlandırıb.

Sərgidə Blenheim sarayında çəkilmiş erkən natürmort və interyerlər, həmçinin Fransa, İtaliya və Mərakeş mənzərələri nümayiş etdirilir. Vaxt keçdikcə Çörçillin rəsm üslubunun daha parlaq və cəsarətli olduğu vurğulanır.

Ekspozisiyanın əsas əsərlərindən biri 1943-cü ildə Kasablanka konfransından sonra çəkilən “The Tower of the Koutoubia Mosque” tablosudur. Bu, Çörçillin İkinci Dünya müharibəsi dövründə baş nazir olduğu ilk müddətdə yaratdığı yeganə əsərdir. O, tabloyu ABŞ prezidenti Franklin Ruzveltə müttəfiqlik münasibətlərinin simvolu kimi hədiyyə edib.

Rəsm sonradan aktrisa Ancelina Coliyə məxsus olub və 2021-ci ildə “Christie’s” hərracında rekord qiymətə – 8 milyon 280 min funt sterlinqə satılıb.

Çörçill avanqard sənəti sevməsə də, postimpressionistlərə maraq göstərib, Klod Moneni yüksək qiymətləndirib və Pol Sezannın yaradıcılığını öyrənib. Pablo Pikassoya isə daha soyuq münasibət bəsləyib. Maraqlıdır ki, Pikasso bir dəfə Çörçillin əsərlərinə yüksək qiymət verərək bildirib ki, “əgər Avropanı faşizmdən xilas etməklə məşğul olmasaydı, rahatlıqla rəssam kimi dolana bilərdi.”

Seçilən
19
1
azadmedia.az

2Mənbələr