Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bayram günlərində təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib. 1news.az xəbər verir ki, qurum qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü münasibətilə vətəndaşları təbrik edərək onlara xoş, təhlükəsiz və sevincli bayram günləri arzulayıb. Bildirilib ki, bayram günlərində ölkə ərazisində nəqliyyatın intensivliyi artacağından bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmalıdır. Qeyd olunub ki, paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülər nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməli, sürət həddinə ciddi riayət etməli və yorğun halda sükan arxasına əyləşməməlidirlər. Uzun məsafəli səfərlər zamanı diqqətin azalmasının ağır nəticələrə səbəb ola biləcəyi vurğulanıb. Həmçinin sürücülərə ötmə və manevr qaydalarına əməl etmək, təhlükəli davranışlardan çəkinmək və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmaq tövsiyə edilib. Piyadalara isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçmək, xüsusilə intensiv hərəkət olan yollarda ehtiyatlı davranmaq çağırışı edilib. Qurum xatırladıb ki, təhlükəsiz yol ən gözəl bayram hədiyyəsidir və bayram sevincinin qorunması hər bir vətəndaşın düzgün seçimlərindən asılıdır.