Körpələrlə "şirin-şirin" və ya əzizləyərək danışmaq onların nitq inkişafını ləngitmir, əksinə, struktur qavrayışını daha da yaxşılaşdırır. Bundan əlavə, belə bir ünsiyyət metodu valideynlə uşaq arasındakı emosional bağı möhkəmləndirməyə kömək edir.
AzEdu.az xəbər verir ki, bu barədə Kolorado Boulder Universitetinin dilçilik üzrə baş elmi işçisi Karen Ştoltsnou "The Conversation" nəşrinə müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, bəzən valideynlərə uşaqlarla ünsiyyətdə kiçiltmə-əzizləmə formalarından qaçmaq tövsiyə olunur. Çünki sadələşdirilmiş ünsiyyət tərzinin uşaqları çaşdıracağı və ya nitqin inkişafını ləngidəcəyi düşünülür. Lakin reallıqda bu cür danışıq forması uşaqların dili daha yaxşı mənimsəməsinə dəstək olur.
"Məsələn, "Bax gör necə qəşəng itdir!" kimi şişirdilmiş cümlələr körpələri çaşdırmır. Əksinə, bu cür ifadələr onların diqqətini çəkir, nitqdəki qanunauyğunluqları kəşf etməyə və sosial əlaqələri gücləndirməyə kömək edir", - deyə alim izah edib.
K.Ştoltsnou həmçinin qeyd edib ki, valideynlər övladları ilə danışarkən əslində həqiqi sözlərdən və qrammatik cəhətdən düzgün cümlələrdən istifadə edirlər. Sadəcə bunu yüksək səs tonu, uzadılmış saitlər və yavaşladılmış ritmlə - bir növ "musiqili səs tonu" ilə edirlər. Bu isə uşağın diqqətini dilin məzmununa və quruluşuna effektiv şəkildə cəlb etməyə imkan yaradır, sözlər arasındakı sərhədləri daha aydın hiss etməyə və qrammatik qaydaları tanımağa kömək göstərir. Tələffüzdəki səhvlər və bəzi qüsurlar isə uşaqlar böyüdükcə təbii şəkildə aradan qalxır.
"Bütün mədəniyyətlərdə böyüklər instinktiv olaraq körpələrlə "uşaq dili"ndə danışırlar. Hətta heç vaxt əzizləyici tonda danışmayacağına söz verənlər belə uşaqları görəndə çox vaxt dözə bilmirlər. Tədqiqatçılar müəyyən ediblər ki, körpələr məhz valideynlərin bu cür xüsusi danışığına daha çox diqqət yetirirlər", - deyə mütəxəssis dəqiqləşdirib.
Maraqlıdır ki, bu cür ünsiyyət tərzi təkcə insanlara xoş gəlmir. Araşdırmalar göstərib ki, hətta pişiklər də onlarla "şirin" tonda danışıldıqda daha müsbət reaksiya verirlər.