AZ

Polis əməkdaşlarının operativliyi mümkün faciənin qarşısını aldı-Bulvarda hadisə

Paytaxtın ən izdihamlı və təhlükəsiz zonalarından biri hesab edilən Dənizkənarı Milli Parkda gənc gimnastika məşqçisi N.Kərimovaya qarşı törədilən xuliqanlıq və zorakılıq aktı cəmiyyətdə ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, hadisə barədə şikayət edildikdən dərhal sonra hüquq-mühafizə orqanları hərəkətə keçib və cinayəti törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfovu qısa müddətdə zərərsizləşdirərək saxlayıb.

Bu operativlik Bakı polisinin cinayətkarlığa qarşı mübarizədə və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında necə yüksək peşəkarlıq nümayiş etdirdiyinin növbəti bariz nümunəsidir.

Gündüz çağı, insanların sıx olduğu "Dəniz Mall"ın yaxınlığında təkbaşına olan bir qadına qarşı fiziki təmas, əxlaqsız ifadələr və ardınca bıçaqla hədə-qorxu gəlinməsi hadisəsinə polisin verdiyi reaksiya təqdirəlayiqdir.

Zərərçəkmişin müraciəti əsasında Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz axtarış-əməliyyat tədbirləri nəticəsində təhlükəli cinayətkarın izi qısa vaxtda tapılıb. Şübhəli şəxsin üzərindən 3 ədəd soyuq silahın aşkarlanması isə polisin vaxtında müdaxiləsinin nə dərəcədə böyük bir faciənin qarşısını aldığını göstərir. Əgər asayiş keşikçiləri bu qədər operativ tərpənməsəydi, üzərində birdən-birə bir neçə kəsici-deşici alət gəzdirən bu şəxsin digər dinc sakinlərin həyatı üçün də ciddi təhdid yaradacağı şəksiz idi.
Bu fakt bir daha sübut edir ki, Azərbaycan polisi paytaxt küçələrində, xüsusən də sakinlərin və turistlərin sevimli məkanı olan Bulvar ərazisində asayişin qorunmasına tam nəzarət edir. İctimai təhlükəsizliyə kölgə salmağa çalışan, qadınlara qarşı zorakılıq və əxlaqsızlıq nümayiş etdirən hər bir şəxs anında layiqli cəzasını alır. Vətəndaşın müraciətinə bu cür həssas və ildırım sürəti ilə reaksiya verən, cinayətkarı cəmiyyətdən təcrid edərək ədalət məhkəməsinə təslim edən polis əməkdaşlarının fəaliyyəti sosial şəbəkələrdə böyük rəğbət və alqışla qarşılanıb.

 

Musavat.com

Seçilən
53
musavat.com

1Mənbələr