ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
İstilik təminatı ilə bağlı yanaşmalar dəyişir və mərkəzləşdirilmiş sistemlərə üstünlük verilməsi gündəmə gəlir. Bu sistemlər əlavə infrastruktur, idarəetmə və texniki xidmət xərcləri tələb etdiyi üçün onların iqtisadi yükü ilə bağlı müxtəlif müzakirələr aparılır. Digər tərəfdən, əvvəllər fərdi kombi sistemləri daha çox yayılmışdı və vətəndaşlar yalnız istifadə etdikləri qədər ödəniş edirdilər. İndi isə bəzi yerlərdə kombi quraşdırılmasına məhdudiyyətlərin qoyulması mənzil bazarına, xüsusilə də qiymətlərin formalaşmasına mümkün təsirlərlə bağlı suallar yaradır.Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqi qiymətlərdə müəyyən artıma səbəb olacaq:"Çünki həm quraşdırma baha başa gəlir, həm də idarəetmə sistemi əlavə xərclər tələb edir. Sonradan təmir və texniki xidmət problemləri yaranır ki, bu da əlavə xərclərin artmasına gətirib çıxaracaq.Nəzərə alsaq ki, bu yeni sistem yalnız bundan sonra inşa olunmuş binalara şamil edilir, köhnə binalar və indiyədək tikilmiş yeni tikililər yenə də kombi sistemindən istifadə edə biləcək. Təbii olaraq, premium tipli binalarda bu xidmətin tətbiqi və dəyişdirilməsi qiymətlərin daha da yüksəlməsinə səbəb olacaq və bu, ümumi bazarda qiymət artımı ilə nəticələnəcək.Eyni zamanda nəzərə almaq lazımdır ki, ilkin dövrlərdə orta və aşağı təbəqə daha çox köhnə binalara və ya kombi ilə təchiz olunmuş nisbətən ucuz yeni tikililərə üstünlük verir. Yeni və daha bahalı binalarda isə yaşayış xərcləri də yüksək olur".Ekspert deyib ki, bu səbəbdən köhnə binalara və yeni tikililərin əvvəlki mərhələlərinə maraq daha çox olacaq və bu da həmin seqmentdə qiymət artımına gətirib çıxara bilər:"Çünki bu binalarda həm yaşayış xərcləri, həm də ümumi maliyyə yükü nisbətən daha aşağıdır. Digər tərəfdən, təhlükəsizliyə və ekoloji təmizliyə daha çox önəm verən, karbon emissiyasının azaldılmasını vacib hesab edən insanlar imkanları daxilində daha çox yeni tikililərə üstünlük verəcəklər. Bu da həmin seqmentdə qiymətlərin və tələbin artmasına səbəb olacaq.Əgər yeni tikililərdə alternativ enerji mənbələrindən, xüsusilə günəş panelləri və digər bərpa olunan enerji həllərindən istifadə geniş tətbiq olunsa, bu proses daha məqsədəuyğun ola bilər və uzunmüddətli perspektivdə qiymət artımı müəyyən qədər tarazlana bilər.Ümumilikdə isə ilkin mərhələdə həm köhnə binalara, həm də normativlərə qədər inşa edilmiş tikililərə tələbatın artacağı və bunun da qiymətlərin yüksəlməsinə səbəb olacağı proqnozlaşdırılır. Eyni zamanda yeni normativlərlə tikilən binaların da yüksək xərclər səbəbilə ucuz olmayacağı və nəticədə bütün seqmentlərdə qiymət artımının müşahidə ediləcəyi ehtimal olunur",- deyə ekspert qeyd edib.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.