BAKI, 25 may. TELEQRAF
Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmağa yalnız Fələstin dövlətinin yaradılması təqdirdə razılaşacaq.
Teleqraf xəbər verir ki, bu barədə CNN krallıqdakı mənbəyə istinadən məlumat yayıb.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Tehranla potensial sülh sazişinə İsraillə əlaqələrin normallaşdırılması üzrə İbrahim sazişini imzalayan bir neçə ölkə daxil edilməlidir. Ağ Ev lideri qeyd edib ki, o, Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniyanı nəzərdə tutur.
Qeyd edək ki, mayın 24-də ABŞ lideri İranın gələcəkdə İbrahim razılaşmalarına qoşulmaq istəyəcəyini istisna etməyib. Razılaşma 2020-2021-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında əldə olunub. 2020-ci ildə Bəhreyn, Mərakeş və BƏƏ İsraillə münasibətləri normallaşdırıb. 2021-ci ildə Sudan yəhudi dövləti ilə diplomatik əlaqələr qurduğunu elan edib. Bu müqavilələrdən əvvəl İsrail ərəb dövlətləri arasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələr qurmuşdu.