Rumıniyanı. Prahova bölgəsində metal axtarışı ilə məşğul olan bir şəxs təxminən 3000 il yaşı olan nadir bir xəzinə aşkar edib. Arxeoloqlar bu tapıntının Rumıniyada tunc və erkən dəmir dövrü barədə mövcud elmi baxışları dəyişə biləcəyini bildirirlər.
Hit.az xəbər verir ki, xəzinə Urlaç şəhəri yaxınlığındakı bir təpədə, yol və yaşayış məntəqələrindən uzaq ərazidə tapılıb. Metal detektoru güclü siqnal verdikdən sonra qazıntı aparan şəxs cəmi 25 santimetr dərinlikdə ilk artefaktlara rast gəlib. Bunlar üç dəmir halqa olub və daha sonra qızıl və bürünc əşyaların olduğu paket ortaya çıxıb.
Sonradan tapıntı Prahova Regional Mədəniyyət İdarəsinə təhvil verilib və daha sonra Prahova Tarix və Arxeologiya Muzeyinə aparılaraq araşdırılıb.
Mütəxəssislərin sözlərinə görə, xəzinə olduqca qeyri-adi hesab olunur. O, üç qızıl boyunbağı, müxtəlif bürünc və dəmir əşyalar, o cümlədən nadir hesab edilən artefaktlardan ibarətdir. Ümumi çəkisi təxminən 320 qram qızıldır.
Arxeoloq Alin Frinkuleasa bildirir ki, əşyaların dəqiq tarixlənməsi çətindir, çünki onlar orta və son tunc dövrü ilə erkən dəmir dövrü arasında keçid mərhələsinə aid ola bilər.
Bəzi tədqiqatçılar ehtimal edir ki, bu əşyalar müxtəlif dövrlərdə toplanaraq gizlədilib və ya mövcud xronoloji təsnifatların yenidən nəzərdən keçirilməsinə ehtiyac var.
Analizlərə əsasən, əvvəllər bilərzik kimi qiymətləndirilən qızıl əşyaların əslində boyunbağı olduğu müəyyən edilib.
Tapıntı arasında həmçinin üç dəmir halqa, iki kiçik balta və bir bürünc qolbaq da var.
Arxeoloqlar hazırda qızılın mənşəyini və istifadə olunan metalın tərkibini araşdırırlar. Bu, 3000 il əvvəl bölgədəki ticarət və mədəni əlaqələr haqqında daha dəqiq nəticələr əldə etməyə imkan verə bilər.
Araşdırmalardan sonra artefaktların Prahova Muzeyində ictimai sərgidə nümayiş etdirilməsi planlaşdırılır.
Samir