Tehran ABŞ ilə razılaşma öncəsi Çindən təminat almağa çalışır...
İran yüksək zənginləşdirilmiş uranın öz ərazisindən çıxarılmasına hazır olduğunu bildirib və ABŞ ilə mümkün razılaşma ərəfəsində Çin tərəfindən müəyyən təminatların verilməsinə çalışır.
Poliqon xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın iddiasına görə, Tehran yüksək zənginləşdirilmiş uranın üçüncü tərəfə deyil, məhz Çinə təhvil verilməsini tələb edir. Məlumatda qeyd olunur ki, İran belə bir mexanizmin gələcək razılaşmalar çərçivəsində təhlükəsizlik və siyasi zəmanət baxımından daha etibarlı olacağını düşünür.
İddialara əsasən, məsələ Vaşinqton və Tehran arasında nüvə proqramı ətrafında mümkün anlaşmanın şərtləri sırasında müzakirə edilir. İran tərəfi uranın ölkədən çıxarılması müqabilində gələcək öhdəliklərin icrasına dair beynəlxalq təminatlar əldə etməyə çalışır.
Hələlik nə İran rəsmiləri, nə də ABŞ və Çin tərəfi bu məlumatla bağlı rəsmi açıqlama verməyib. “Al Hadath”ın yaydığı məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və danışıqların detalları barədə əlavə informasiya açıqlanmayıb.
Poliqon.info