AZ

"Mənim adımdan imza atıblar, yalandır" - Xalq artisti

“Mən Bakıya indi gəlmişəm və sabahkı qurultayda iştirak edəcəyəm. Kim deyir ki, mən qurultayı boykot etmişəm. Mənim bundan xəbərim yoxdur və imza atmamışam”.

 

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib.

 

Aktyor bildirib ki, adının boykotçular siyahısında yer alması onu təəccübləndirib:

 

“Mən Şeyx Əbdül Mahmudovla danışmışam. Ehtimal ki, o, belə bir bəyanata mənim adımdan imza atıb. Ola bilsin, ittifaqın sədri olmaq istəyir. Mən sabahkı tədbirlə bağlı nə “hə”, nə də “yox” demişəm. Sadəcə mənim adımdan istifadə ediblər”.

 

Qeyd edək ki, “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və bir qrup tanınmış kino xadimi birgə bəyanat yayaraq mayın 26-da keçiriləcək qurultayı boykot etdiklərini açıqlayıblar. Bəyanatda növbədənkənar Ümumi Yığıncağın Azərbaycan qanunvericiliyinə və ittifaqın nizamnaməsinə uyğun təşkil olunmadığı bildirilib.

 

Sənəddə toplantının qeyri-legitim olduğu və qəbul ediləcək qərarların hüquqi qüvvəsinin olmayacağı iddia edilib. Boykot bəyanatına imza atanlar arasında Tariyel Qasımovun da adı yer alıb.

 

Xatırladaq ki, Rasim Balayev martın 29-da Memorial Xəstəxanada vəfat edib. Sabah keçiriləcək qurultayda ittifaqın yeni sədrinin seçilməsi nəzərdə tutulur. İdarə Heyəti seçkiyə iki namizədlə getmək barədə qərar qəbul edib. Namizədlər Şəfiqə Məmmədova və Əli İsa Cabbarovdur.

Tarix: 25 May 2026, 18:46   
Seçilən
19
pravda.az

1Mənbələr