AZ

WUF13 Azərbaycanın qlobal nüfuzunun güclənməsinə xidmət edən mühüm platforma oldu ŞƏRH

Bakı, 25 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkəmizin qlobal miqyasda statusunun daha da güclənməsinə xidmət edən əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir. Sessiya həm təşkilati, həm də logistika baxımından yüksək səviyyədə həyata keçirildi - tədbirdə minlərlə iştirakçı yer aldı, 400-dən çox sessiya və tədbir baş tutdu. Bu miqyasda forum çərçivəsində Azərbaycanın qonaqları yüksək səviyyədə qəbul etməsi və ölkəmizin reallıqlarını dolğun şəkildə təqdim etməsi xüsusi əhəmiyyət daşıdı. Forumda dövlət və hökumət başçılarının iştirakı, liderlər tərəfindən birgə bəyannamənin hazırlanması və təqdim edilməsi tədbirə mühüm siyasi çəki qazandırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli deyib.

İ.Hüseynli bildirib ki, qlobal şəhərsalma gündəliyi fonunda Qarabağda həyata keçirilən analoqsuz bərpa-quruculuq işlərinin, işğal dövründə törədilmiş dağıntıların təqdim olunması Azərbaycanın haqlı mövqeyini bir daha nümayiş etdirdi. İştirakçılara göstərildi ki, Qarabağın işğaldan azad olunmuş əraziləri tamamilə dağıdılmış və yer üzündən silinmişdi. Bu reallıqların beynəlxalq auditoriyaya, o cümlədən BMT platformasında təqdim olunması mühüm əhəmiyyət daşıyırdı. Keçmiş münaqişə zonalarında məktəblərin, xəstəxanaların tikintisi, müasir infrastrukturun yaradılması, ekoloji mühitin bərpası, yaşıllıq zonalarının salınması forumun diqqət mərkəzində idi. Uzun illər məcburi köçkün həyatı yaşamış insanların doğma torpaqlarına təhlükəsiz qayıdışı üçün həyata keçirilən bu şəhərsalma prosesi dünyaya sülh və inkişaf mesajı verdi.

“Azərbaycan QHT-lərinin də WUF13 çərçivəsində fəal iştirakı, QHT Agentliyinin pavilyonlarının yaradılması, vətəndaş cəmiyyəti institutlarının təqdimatları və xarici ekspertlərin cəlb edilməsi ölkəmizin vətəndaş cəmiyyətinin beynəlxalq mövqeyinin güclənməsinə xidmət etdi. Qlobal Cənub Platformasının ayrıca pavilyonunun yaradılması və platformanın fəaliyyətinin geniş təqdim olunması da vətəndaş cəmiyyətinin nüfuzunun artırılması baxımından mühüm rol oynadı.

Bütövlükdə WUF13 çərçivəsində həyata keçirilən bütün fəaliyyətlər Azərbaycanın qlobal miqyasda rolunun və nüfuzunun daha da gücləndirilməsi istiqamətində atılmış növbəti uğurlu addım kimi qiymətləndirilməlidir”, - deyə o əlavə edib.

Seçilən
17
1
azertag.az

2Mənbələr